Azərbaycan, Bakı, 23 avqust /Trend, E.Mehdiyev/
Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində durğunluğun yaranmasının 2013-cü ildə münaqişə tərəfi olan ölkələrdə seçkilərin keçirilməsi ilə əlaqələndirilməsi məsələsinə münasibət bildirib.
B.Muradova Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində "Seçkilərdən sonra danışıqlar prosesinin aktivləşməsi nə dərəcədə realdır?" sualına cavab verərkən qeyd edib ki, bütün cəmiyyət gözləyir ki, bu məsələdə irəliləyiş olsun: "Amma çox təəssüf ki, hər seçkidən- seçkiyə belə fikirlərin şahidi olsaq da, ortada real nəticə yoxdur. Danışıqlar prosesi prezidentlər, onların şəxsi nümayəndələri, xarici işlər nazirləri və həmsədrlər tərəfindən aparılır. Seçkilərdən sonra prosesdə fəallığın olacağını cəmiyyət gözləyir və bu haqda proqnozlar da verilir".
B.Muradova qeyd edib ki, hər halda, prosesin "ölü nöqtə"dən tərpənməsi üçün təkcə seçkilərin başa çatması rol oynamır.
Onun sözlərinə görə, beynəlxalq dairələr, vasitəçilik missiyasını həyata keçirən təşkilat və prosesi yerindən tərpənməyə qoymayan güclər siyasi iradə nümayiş etdirəcəkləri təqdirdə danışıqlarda hansısa nailiyyətlər əldə etmək mümkün ola bilər: "Amma bütün bunlara baxmayaraq, Azərbaycan özünün iqtisadi və hərbi qüdrətini artırmaqdadır. O cümlədən, Qarabağ həqiqətlərinin dünyada qəbul olunması, tanınması istiqamətində işləri davam etdiririk".
Milli Məclisin sədr müavini qeyd edib ki, bu yaxınlarda ardıcıl olaraq ayrı-ayrı ölkələrdə, ABŞ-ın müəyyən ştatlarında Dağlıq Qarabağ problemi ilə əlaqədar obyektiv qətnamələrin qəbul olunması bunun göstəricisidir ki, artıq dünyada rəy bizim xeyrimizə ədalətli olaraq dəyişməkdədir: "Azərbaycanın iqtisadi və hərbi qüdrəti qarşı tərəfi qeyri-konstruktiv mövqedən əl çəkməyə vadar edə biləcək həddə sürətlə inkişaf edir. Ona görə də, hər faktordan istifadə etməklə danışıqların intensivləşməsini və müəyyən nəticələrin əldə edilməsini həm gözləmək, həm də bunu sürətləndlirmək üçün çalışmaq lazımdır".