...

Politoloq: Ermənistandakı Rusiya hərbi bazasının Dağlıq Qarabağda müharibəyə qoşulması bu müharibənin uzunmüddətli olmasına gətirib çıxaracaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Noyabr 2013 17:20 (UTC +04:00)
"Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandiri, polkovnik A.Ruzinskinin bəyanatı cavabsız qala bilməz. Ruzinskinin bu mövqeyi Moskvada oturan, ermənilərin maraqlarına xidmət edən dövlət adamlarının anti-Putin və anti-Azərbaycan fəaliyyətlərinin nəticəsidir".
Politoloq: Ermənistandakı Rusiya hərbi bazasının Dağlıq Qarabağda müharibəyə qoşulması bu müharibənin uzunmüddətli olmasına gətirib çıxaracaq

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir S.Əhmədova/

"Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandiri, polkovnik A.Ruzinskinin bəyanatı cavabsız qala bilməz. Ruzinskinin bu mövqeyi Moskvada oturan, ermənilərin maraqlarına xidmət edən dövlət adamlarının anti-Putin və anti-Azərbaycan fəaliyyətlərinin nəticəsidir". Trend-in məlumatına görə, bunu cümə axşamı keçirilən mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

O, qeyd edib ki, 102-ci hərbi bazanın 2-3 dəfə güclənməsi şərti ilə Ermənistanın bu regionda bundan sonra hərbi qələbə qazanması mümkün deyil: "İndiki dövr SSRİ-nin dağılması ərəfəsindəki dövrdən xeyli fərqlənir. İran və Türkiyənin regiona baxışları tamamilə dəyişib. İranda təəssüf edirlər ki, SSRİ-nin dağılmasından kifayət qədər bəhrələnə bilmədilər. Türkiyədə də bu ideyanın daşıyıcıları var. İndi Qafqaz regionunda təkcə Qərbin deyil, Səudiyyə Ərəbistanı və Qətər kimi ərəb dövlətlərinin də konkret maraqları var. Ermənistandakı Rusiya hərbi bazasının Dağlıq Qarabağda müharibəyə qoşulması bu müharibənin uzunmüddətli olmasına gətirib çıxaracaq. Yuxarıda adıçəkilən dövlətlərin iştahları fəallaşacaq və aktiv fəaliyyətə başlayacaqlar. Ruzinskinin Qarabağda müharibəsi Rusiyanın Şimali Qafqazda müdafiə müharibəsinə çevriləcək".

Politoloq bildirib ki, RF-dəki ermənipərəst qüvvələr Ruzinskiyə bu bəyanatı vaxtında verdirdilər. Azərbaycan Prezidentinin yenidən seçilməsi şəksiz idi. İlham Əliyevin qələbəsi Azərbaycanın indiki siyasətinin davam etməsi deməkdir. Azərbaycan Prezidentinin indiki siyasətində Putin Rusiyası ilə strateji əməkdaşlıq ən önəmli yerlərdən birini tutur:

"A.Ruzinskinin bəyanatı təsadüfi deyil və Rusiya-Azərbaycan strateji münasibətlərin perspektivini nişana alıb. Ona görə də Kreml, Putinin tərəfdarı olan rəsmilər və hərbçilər A.Ruzinskinin verdiyi bəyanata münasibət bildirməlidir. Ermənilər zaman-zaman Rusiya ilə Azərbaycan arasında yaranan inam potensialını dağıtmağa cəhd ediblər. Bu cəhd də ermənilərin maraqları prizmasından uğurlu alındı. Ermənilərin bu uğurunun Rusiyanın uğuru olduğunu bilmək bizim üçün hədsiz vacibdir. Ermənipərəstlərin Rusinski üzərində qurduğu uğur Rusiyanın da uğurudursa, bu, Rusiya-Azərbaycan münasibətlərinin strateji inkişafı üçün tormoz deməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti