...

Müdafiə Nazirliyi: Erməni kəşfiyyat-diversiya qrupunun təmas xəttini keçmək cəhdinin qarşısı alınıb, qrupun bələdçisi ələ keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Yanvar 2014 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Ermənilərin kəşfiyyat-diversiya qrupunun bələdçisi Azərbaycan əsgərləri tərəfindən ələ keçirilib. Bu barədə Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

Müdafiə Nazirliyi bildirir ki, bu gün saat 15:00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib.

Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bundan əvvəl Müdafiə Nazirliyi bu gün Tovuz rayonunun Əlibəyli kəndində Ermənistan vətəndaşı saxlanıldığı barədə məlumat vermişdi. Müdafiə Nazirliyinin mətbuat xidmətindən öncə Trend-ə bildirmişdilər ki, Tovuz rayonunda ələ keçirilən şəxs erməni diversiya qrupunun üzvüdür.

Nazirlikdən həmin şəxsin tutularkən silahlı olduğu da bildirilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov Trend-ə bildirib ki, bu gün günorta saatlarında təxminən 65 yaşında olan mülki şəxs Xocayan Mamiko Tiqranoviç Tovuzun Əlibəyli kəndinin sakinləri tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə Trend-ə bildirib ki, bu barədə onlara hələlik rəsmi məlumat daxil olmayıb. Yəni BQXK-ya nə dövlət tərəfindən, nə də saxlanılan şəxsin yaxınları tərəfindən heç bir müraciət edilməyib.

Xatırladaq ki, son günlər cəbhədə vəziyyət gərgin olaraq qalır. Artıq erməni snayperlərin açdığı atəş nəticəsində Azərbaycan Milli Ordusunun iki zabiti şəhid olub.

Azərbaycan Silahlı Qüvvələri son günlər bir neçə dəfə Əlibəyli kəndi ərazisində erməni diversiya qrupunun qarşısını alıb.

BQXK-nın Azərbaycan nümayəndəliyinin açıqladığı məlumata görə, hazırda Azərbaycanda bir erməni hərbçi əsir və 5 mülki şəxsdən ibarət bir erməni ailəsi saxlanılır. Ermənistanda isə azərbaycanlı əsir yoxdur. Son 21 il ərzində BQXK-nın vasitəçiliyi ilə hər iki tərəfdən təxminən 700 nəfər qaytarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti