...

Anjey Kaspşik: Təmas xəttində baş verən itki və atəşkəs rejiminin pozulması halları narahatlıq doğurur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Fevral 2014 10:02 (UTC +04:00)
Təmas xəttində və sərhəddə baş verən itki və atəşkəs rejiminin pozulması xəbərləri narahatlıq doğurur. Bunu Trend-ə eksklüziv müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik deyib.
Anjey Kaspşik: Təmas xəttində baş verən itki və atəşkəs rejiminin pozulması halları narahatlıq doğurur

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir S.Əhmədova/

Təmas xəttində və sərhəddə baş verən itki və atəşkəs rejiminin pozulması xəbərləri narahatlıq doğurur. Bunu Trend-ə eksklüziv müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik deyib.

Onun sözlərinə görə, hər bir itki faciədir və atəşkəs rejiminə tam əməl olunarsa, bunun qarşısını almaq mümkündür: "Təəssüflər olsun ki, məlumatların göstərdiyinə görə, son həftələrdə vəziyyət daha da gərginləşib və vəziyyətin gərginləşməsi riski yetərincə dəyərləndirilmir".

A.Kaspşik qeyd edib ki, o özü də son zamanlarda gərinliyin artmasının bu yaxınlarda keçirilən monitorinq zamanı şahidi olub: "Belə ki, hər iki tərəfin yerli komandirləri qoşunlarının monitorinq zamanı atəşkəs rejimini pozmayacağına və qrupumuzun təhlükəsizliyinə təminat verməsinə baxmayaraq atəş açıldı".

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi bildirib ki, atəşkəs rejiminə əməl olunması məsuliyyəti tərəflərin üzərinə düşür: "Parisdə Minsk qrupunun həmsədrləri tərəfləri atəşkəs müqaviləsinin şərtlərinə tam və qeyd-şərtsiz əməl etməyə çağırıb. Həmsədrlər bildiriblər ki, son zamanlarda baş verən hadisələr danışıqları sarsıdır və sülh perspektivlərini azaldır. Bu yaxınlarda üç həmsədr ölkənin Xarici İşlər nazirliklərinin nümayəndələri bəyanatla çıxış edərək tərəfləri atəşkəs rejiminə tam şəkildə riayət etməyə çağırıb. Atəşkəsin gücləndirilməsi istiqamətində müzakirələr davam edir və bu məsələ növbəti günlərdə həmsədrlərin regiona səfəri zamanı müzakirə mövzusu olacaq".

A.Kaspşik vurğulayıb ki, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter də Azərbaycan və Ermənistan hərbçiləri və mülki şəxslərin atəş nəticəsində ölməsi və yaralanması xəbərlərindən çox narahat olduğunu bildirib: "D.Burkhalter tərəfləri gərginliyin azaldılması istiqamətində bir-birləri ilə birbaşa ünsiyyət üçün ATƏT nümayəndələrinin sərhəd və təmas xəttinə səfərlərinin verdiyi qiymətli imkandan tam istifadə etməyə çağırıb".

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Fransanın paytaxtında baş tutan görüşünə toxunan A.Kaspşik qeyd edib ki, Parisdə nazirlər və həmsədrlər sülh prosesini daha da irəlilətmək üçün substantiv məsələləri müzakirə ediblər: "Nazirlər münaqişənin sülh və danışıqlar yolu ilə həlli üçün işləmək istəklərini bir daha təkrarladılar. Həmsədrlər regiona növbəti səfəri çərçivəsində bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər".

Qeyd edək ki, yanvarın ortalarından başlayaraq cəbhə xəttində vəziyyət gərginləşib. Erməni Silahlı Qüvvələri intensiv şəkildə atəşkəs rejimini pozub. O dövrdən bu vaxta qədər atəşkəs rejimi 2000 dəfəyə yaxın pozulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, erməni diversiya qrupunun təmas xəttini keçmək cəhdinin qarşısı alınarkən Milli Ordumuzun iki zabiti şəhid olub, qarşı tərəf isə onlarla itki verib.

Tovuzun Əlibəyli kəndi istiqmətində isə erməni silahlı qüvvələrinin bir hərbi maşını zərərsizləşdirilib. Əlibəyli kəndinə keçməyə cəhd edərkən isə erməni diversiya qrupunun bir bələdçisi saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti