...

Parlamentari: Səudiyyə Ərəbistanı ermənilərin Azərbaycana qarşı törətdikləri terror aktlarını qətiyyətlə pisləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2014 16:40 (UTC +04:00)
Bu gün Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Parlamentari: Səudiyyə Ərəbistanı ermənilərin Azərbaycana qarşı törətdikləri terror aktlarını qətiyyətlə pisləyir

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E.Mehdiyev/

Bu gün Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan Z.Əsgərov Azərbaycanla Səudiyyə Ərəbistanı arasında tarixi köklərə əsaslanan dostluq və qardaşlıq münasibətlərindən danışıb.

O bildirib ki, iki ölkə arasında ticarət-iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələr inkişaf edir. Qarşılıqlı səfərlər, görüşlər bu münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verir. Qeyd olunub ki, qarşılıqlı münasibətlərin möhkəmlənməsində parlamentlərarası əlaqələrin də mühüm rolu var.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan Milli Məclis sədrinin birinci müavini diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə məhəl qoymayan Ermənistan torpaqlarımızın 20 faizini hələ də işğal altında saxlayır. Bu münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
1990-cı ildən bəri Ermənistanın Azərbaycanda 30-dan çox terror aktı törətdiyini deyən Z.Əsgərov qonaqlara Xocalı soyqırımı haqqında məlumat verib. O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyinə görə Səudiyyə Ərəbistanına təşəkkürünü bildirib.

Milli Məclis sədrinin birinci müavini, həmçinin Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində Səudiyyə Ərəbistanının göstərdiyi dəstəyin ölkəmizdə yüksək qiymətləndirildiyini qeyd edib. O vurğulayıb ki, Səudiyyə Ərəbistanı, eyni zamanda, Azərbaycan ilə birgə terrorizmə qarşı mübarizə aparan ən fəal ölkələrdən biridir.

Azərbaycanın İslam dünyasının ayrılmaz bir parçası olduğunu deyən Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Abdullah ibn Məhəmməd Ən-Nasir ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafının məmnunluq doğurduğunu söyləyib.

O bildirib ki, həm Səudiyyə Ərəbistanının, həm də Azərbaycanın neft ölkəsi olduğunu nəzərə alaraq, enerji sahəsində təcrübə və məlumat mübadiləsinin, birgə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar var.

Səudiyyə Ərəbistanının daim sülhü dəstəklədiyini deyən Abdullah ibn Məhəmməd Ən-Nasir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəsinin mövqeyinin dəyişməz olduğunu qeyd edib. Qonaq diqqətə çatdırıb ki, Səudiyyə Ərəbistanı ermənilərin törətdikləri terror aktlarını qətiyyətlə pisləyir.

Sonra görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti