...

Cəbhədən xəbər var: Ermənilər tərəfdə ciddi qorxu müşahidə edilir (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Avqust 2014 04:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir İlkin İzzət/

Son günlər bütün cəbhə boyu Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinə layiqli zərbələr endirməsi və bunun nəticəsində düşmənin böyük itkilər verməsi qarşı tərəfdə böyük qorxu hissi yaradıb.

Bu haqda Trend-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinə ezam olunmuş əməkdaşına cəbhənin Xocavənd istiqamətindəki hərbi hissələrindən birinin yüksək vəzifəli zabiti bildirib.

Onun sözlərinə görə, gün ərzində günorta saatlarında əsasən sakitlik olsa da, mövqelərimiz demək olar ki, hər gecə Ermənistan silahlı birləşmələri tərəfindən atəşə tutulur. Lakin son 7-10 gün ərzində bu atışma daha intensiv xarakter alıb: "Düşmənin təxribat xarakterli hərəkətləri həmişə olub, yenə də var. Lakin son günlər düşmən tərəfdə çox böyük qorxu hiss olunmağa başlayıb. İndi gecə düşən kimi ermənilər vahiməyə düşür və kortəbii şəkildə ətrafa atəş açmağa başlayırlar. Onlar qorxurlar ki, birdən Azərbaycan Ordusunun qəfil hücumuna və kəşfiyyat qruplarımızın qisasına məruz qalarlar".

Zabitimiz qeyd edib ki, hazırda hərbi hissədə şəxsi heyətin ayıq-sayıqlığı, döyüş hazırlığı yüksək səviyyədədir: "Hamı döyüşə can atır. Hamı hücuma keçəcəyimiz haqqında şad xəbəri gözləyir. Ali Baş Komandan İlham Əliyevin mövqeyi və prinsipiallığı, eləcə də müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən düşmənə qarşı döyüşdə fərqlənənlərin şəxsən mükafatlandırılması onlara bizə böyük stimul verib".

Hərbi hissələrdən birinin 11 ildir ki, cəbhənin Füzuli-Beyləqan istiqamətində xidmət edən zabiti isə Trend-ə bildirib ki, hazırda cəbhənin bu hissəsində əsasən snayperlərin müharibəsi gedir: "Əvvəllər ön xəttdəki postları gəzərkən o qədər də çəkinməyə ehtiyac olmurdu. Lakin son 5-6 ildə hər iki tərəf müasir silahlar əldə etdiyindən vəziyyət çox təhlükəli hal alıb. Belə ki, postda kimsə ani olaraq əlini çıxarsa, atəşə tutulur. Bu hər iki tərəfdən belədir".

Düşmənlə üz-üzə duran postlarda növbə çəkən əsgərlər, gizirlər və zabitlər isə düşməndən qətiyyən çəkinmədiklərini, əksinə hər an döyüşə atılmaq üçün yuxarı komandanlığın müvafiq əmrini gözlədiklərini deyiblər.

Silahlı Qüvvələrin Beyləqan Hərbi Birliyinin yüksək vəzifəli şəxsi isə Trend-ə bildirib ki, bəzi kütləvi informasiya vasitələrinin Füzuli və Ağdam rayonlarında guya bəzi kəndlərdə əhalinin evlərinin tərk etdiyi barədə yayılan məlumatlar qətiyyən həqiqəti əks etdirmir: "Cəbhədə baş verən son proseslər Azərbaycanda ordu ilə xalq arasında birliyin necə yüksək səviyyədə olduğunu bir daha göstərdi. Bütün ölkədə olduğu ki, burada ordumuza böyük inam var. Ağdam, Xocavənd, Füzuli, Beyləqanda camaat əvvəllər necə yaşayır, işləyir və qəhrəmancasına düşmənlə üz-üzə dururdusa, indi də elədir".

Onun sözlərinə görə, Azərbaycanın ordu bölmələri bütün parametrlərinə görə, Ermənistan silahlı birləşmələrindən üstündür və işğal olunmuş torpaqları tezliklə azad etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti