...

Müdafiə Nazirliyi ermənilərin ATƏT sədrinin nümayəndəsi ilə bağlı yalanını ifşa etdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Noyabr 2014 09:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir İlkin İzzət/

ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Ermənistana məxsus hərbi helikopterin vurulduğu ərazidə olması xəbəri yalandır, ermənilərin növbəti təxribatıdır. Bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, Rusiya KİV-nin erməni mənbələrinə istinadən guya ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin qoşunların təmas xəttində monitorinq aparan zaman Azərbaycanın Ağdam rayonunda vurulmuş Ermənistana məxsus hərbi helikopterin düşdüyü ərazidə olması barədə yaydığı məlumatlar həqiqətəuyğun deyil: "Bu, ermənilərin əvvəlcədən planlaşdırdığı və növbəti dəfə mətbuata sızdırdığı təxribat xarakterli yalandır. Monitorinq əvvəlcədən planlaşdırılmış ərazidə aparılıb ki, bu da helikopterin düşdüyü yerdən 20 km uzaqdadır".

Polkovnik V.Dərgahlı əlavə edib ki, ATƏT nümayəndələrinin təhlükəsizliyi yalnız monitorinqin aparıldığı ərazidə təmin edilir.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 18-də Ağdam rayonunun Mərzili kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Saymon Tiller, Piter Svedberq və Yüksək səviyyəli planlaşdırma qrupunun rəhbəri isveçrəli polkovnik Markus Uidmer, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik, onun səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Yüksək səviyyəli planlaşdırma qrupunun rusiyalı nümayəndəsi Vitaliy Belokon keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti