Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir Elçin Mehdiyev/
NATO Parlament Assambleyasının Niderlandın Haaqa şəhərində keçirilən 60-cı payız sessiyasında qəbul olunan "NATO tərəfdaşlarına təminat və dəstək" adlı qətnaməyə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən maddə əlavə edilib. Bu barədə Trend-ə Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, Assambleyada iştirak edən ermənilər cidd-cəhdlə Azərbaycan nümayəndə heyəti tərəfindən təklif edilən bu maddənin qətnaməyə əlavə edilməsinin qarşısını almağa çalışdılar: "Ermənilərin bu səylərinə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin ortaya qoyduğu tutarlı arqumentlər nəticəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən maddə qətnaməyə əlavə edildi".
Millət vəkili onu da qeyd edib ki, ermənilər həmin qətnaməyə "azlıqların öz müqəddəratını həll etməsi" ilə bağlı maddənin əlavə edilməsinə cəhd etdilər: "Lakin Azərbaycan nümayəndə heyəti bu cəhdin qarşısını almağa nail oldu. Biz ermənilərin artıq bir dəfə öz müqəddəratını həll etdiklərini Assambleya iştirakçılarının diqqətinə çatdırdıq. Assambleyada iştirak edən digər ölkələrin nümayəndələri də bizi dəstəklədi və ermənilərin irəli sürdüyü bu təklif müzakirəyə qoyulmadan rədd edildi".
O, əlavə edib ki, NATO-nun yeni baş katibi Yens Stoltenberq də sessiya zamanı Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu diqqətə çatdırıb və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində və BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun olaraq həll edilməsinin vacibliyini vurğulyıb: "Yens Stoltenberq qeyd etdi ki, NATO Dağlıq Qarabağ münaqişəsinin həllində birbaşa vasitəçi olmasa da, ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində səylərinə yaxından dəstək göstərməyə hazırdır".