...

Qənirə Paşayeva "Xocalıya ədalət!" deyənlərə dəstək verməyə çağırdı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Fevral 2015 16:49 (UTC +04:00)
Sənin atanın belə görmədiyi hadisələrə gedirsən, bəs niyə her şeyi gördüyün Xocalı üçün bir açıqlama vermirsən?
Qənirə Paşayeva "Xocalıya ədalət!" deyənlərə dəstək verməyə çağırdı

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Millət vəkili Qənirə Paşayeva İstanbulda Xocalı soyqırımı ilə bağlı tədbirdə çağırış edib: "Etnik kimliyindən və dini inancından asılı olmayaraq, insanlığın yanında olanlar "Xocalıya ədalət!" deyənlərə dəstək verməlidir.

Xəzər regionu ölkələrini əhatə edən və Türkiyənin tanınmış jurnalı "Hazar World"un təşkil etdiyi "Ermənistanın işğalı altındakı Qarabağ" mövzulu "Xəzər Qısa Film" müsabiqəsinin mükafatlarının təqdimat mərasimində çıxış edən millət vəkili iştirakçılara Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə geniş məlumat verdikdən sonra bu soyqırım zamanı valideynlərini itirən uşaqlar, onların yaşadığı acılardan danışıb və etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq, insanlığın yanında olanlar və bu insanlıq əleyhinə cinayəti işləyənlərin ədalət qarşısında cavab verməsini istəyənlərin "Xocalıya ədalət!" deyənlərin yanında olmalı olduğunu deyib: "Son iki gündür hamımız bir şok keçirdik. Bir qızımızın, bacımızın vəhşicəsinə qətlə yetirilməsi şokunu. Ona Allahdan rəhmət diləyir, ailəsinin acısını paylaşırıq. İki gündür Özgəcanın gözləri, 23 ildir də Xocalıda şiddətə məruz qalıb qətl edilən qadınlarımızın, uşaqlarımızın gözləri gözlərimizin önündən getmir! Biz heç bir zaman, dünyanın heç bir yerində insanların öldürülməsinə tərəfdar olan bir cəmiyyət, millət olmadıq, amma "Şarli Ebdo" üçün yürüş edən qərb liderləri yüzlərlə insan Ermənistan əsgərləri tərəfindən qətlə yetirilərkən niyə yürüş keçirmədilər? Niyə səslərini heç eşitmədik? Ölənlər hansı millətdən olursa-olsun, əvvəlcə insandır. Biz hələ də o səsləri eşitmirik! Bu bir insanlıq utancıdır! Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın "insan haqları" deyərək bar-bar bağıran təşkilatları, dövlətləri, 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulmasına səs çıxartmırlar! Fransa prezidenti qondarma "erməni soyqırımı"nın 100-cü ili üçün Yeravana gedəcəyini deyir. "Türkiyəyə Ermənistanla sərhədləri açın" - deyə, çağırış səsləndirir. Sənin atanın belə görmədiyi hadisələrə gedirsən, bəs niyə her şeyi gördüyün Xocalı üçün bir açıqlama vermirsən? Niyə Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi, 1 milyon azərbaycanlının öz evinə dönməsinə imkan verməsi üçün təzyiq etmirsən, çağırış səsləndirmirsən?"

O, qeyd edib ki, ATƏT-in Minsk qrupunun digər həmsədrləri ABŞ və Rusiyada bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər: "Xocalı soyqırımından danışmayanlar qondarma "erməni soyqırımı" yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Qondarma "erməni soyqırımı" iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır. Mən belə bir şeyi həzm etmərəm, babalarıma da belə bir ləkə vurulmasını əsla qəbul etmərəm və biz hamımız bu yalanlara qarşı birgə mübarizə aparmalıyıq. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdır. Bu Xocalı soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti