...

Avropa Parlamentinin binası önündə keçirilmiş mitinqdə Xocalı faciəsi ilə bağlı bəyanat səsləndirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2015 12:35 (UTC +04:00)
Avropa Parlamentinin Belçikanın paytaxtı Brüsseldə yerləşən binası önündə Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı mitinq keçirilib.
Avropa Parlamentinin binası önündə keçirilmiş mitinqdə
Xocalı faciəsi ilə bağlı bəyanat səsləndirilib (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Avropa Parlamentinin Belçikanın paytaxtı Brüsseldə yerləşən binası önündə Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı mitinq keçirilib.

Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə keçirdiyi aksiyada Azərbaycandan olan nümayəndə heyətinin üzvlərilə yanaşı, Belçikada və ətraf ölkələrdə fəaliyyət göstərən azərbaycanlı və türk diaspor təşkilatlarının təmsilçiləri, tələbələr və yerli sakinlər iştirak ediblər.

ATXƏM sədri, MŞ İdarə Heyətinin üzvü İlham İsmayıl açaraq ermənilərin zaman-zaman türk toplumuna qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətindən bəhs edib. Bu mənfur siyasətin XX əsrdəki ən böyük təzahür formasının Xocalı soyqırımının olduğunu vurğulayan İ.İsmayıl bildirib ki, faciənin miqyasının dünyaya çatdırılması eyni zamanda Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin təbliği baxımından son dərəcə vacibdir.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Xocalı faciəsinin dünya mediasının gündəminə çatdırılması sahəsondəki işlərin daha da intensivləşdirilməsinin vacibliyini önə çəkib. O, eyni zamanda qondarma "erməni soyqırımı" iddiasının 100 illiyi ilə bağlı erməni lobbi və diaspor təşkilatlarının fəaliyyətinə qarşı əks təbliğatın aparılmasının zəruriliyindən söz açıb. Avropadakı türk və azərbaycanlı diaspor təşkilatlarının bu prosesdə tənzimləyici rol oynamasının ümumi işin xeyrinə olduğunu əsaslandırıb.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının sektor müdiri Qafar Əliyev, Milli QHT Forumunun rəhbəri Rauf Zeyni, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Cavid Əliyev, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin və başqaları Xocalı soyqırımının dünyaya tanıdılmasını yönələn tədbirlərin mütəşəkkiliyinin faydalı cəhətlərinə diqqət çəkiblər. Onlar həmçinin Xocalı dəhşətlərinə siyasi qiymətin verilməsinin zəruriliyindən danışaraq beynəlxalq ictimaiyyəti ümumən Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe göstərməyə çağırıblar.

Mitinqin sonunda aksiya iştirakçıları tərəfindən bəyanat qəbul edilib. Avropa Birliyinə üzv ölkələrin Brüsseldəki nümayəndəliklərinə təqdim olunan bəyanatda bildirilib ki, Xocalıda dinc əhaliyə, ahıllara və uşaqlara qarşı törədilmiş amansız qətliamlar müasir dünya düzəninin dinc və birgəyaşam qaydalarına kökündən vurulmuş zərbədir. Bu cür dəhşətli faciəni həyata keçirənlərin hələ də məsuliyyətə cəlb olunmamaları insanlıq adına utanverici haldır: "Bu faciə beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhvinə yönələn cinayətlərdən biridir və bütün dünyada soyqırımı kimi qəbul olunmalıdır. Azərbaycan xalqının dünya birliyindən gözlədiyi məhz budur. Xocalıya ədalət tələb edirik!"

Qeyd edək ki, Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Brüsseldə keçirilən silsilə tədbirlərə qatılan Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizin Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Fuad İsgəndərovla da görüşüblər. Görüşdə Belçikadakı Səfirliyimizin Xocalı soyqırımının Avropa ictimaiyyətinə çatdırılması istiqamətindəki fəaliyyətindən söz açılıb, ətraflı fikir mübadiləsi aparılıb.

Onu da deyək ki, ATXƏM və Belçika-Azərbaycan Dostluq Cəmiyyəti Xocalı şəhidlərinin xatirəsinə ehsan süfrəsi də təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti