Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Səba Ağayeva/
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş üçün imkanlar var.
Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Sputnik", "Exo Moskvı" və "Qovorit Moskva" radiostansiyalarının birgə efirində deyib.
Onun sözlərinə görə, Rusiya bu çox çətin, lakin əslində həlli mümkün olan münaqişənin nizamlanması üçün hamıdan çox şey edib və etməkdə davam edir.
XİN rəhbəri qeyd edib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ və Fransa ilə işləməyə davam edir: "Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə mütəmadi ünsiyyət saxlayırıq. Bizim prezident də Azərbaycan və Ermənistan prezidentləri ilə təmaslarında bu mövzunu müzakirə etməyə davam edir. İrəliyə getmək üçün hamı tərəfindən qəbul edilə biləcək əsas tapmağa imkan var və ümid edirik ki, qarşıdakı görüşlər, o cümlədən Yerevandakı təmaslar (Vladimir Putinin Ermənistana qarşıdakı səfəri - red.) bu məsələdə sürətlənməyə imkan verəcək. Məncə, bu, artıq yetişib".