...

Allahşükür Paşazadə alimləri Qarabağda dini abidələrin dağıdılmasını pisləməyə çağırdı (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2015 16:00 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti İslam Məzhəblərinin Yaxınlaşdırılması Dünya Təşkilatının Ali Şurasının iclasında iştirak etmək üçün Livanın paytaxtı Beyrut şəhərində səfərdə olub.
Allahşükür Paşazadə alimləri Qarabağda dini abidələrin dağıdılmasını pisləməyə çağırdı (FOTO)

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti İslam Məzhəblərinin Yaxınlaşdırılması Dünya Təşkilatının Ali Şurasının iclasında iştirak etmək üçün Livanın paytaxtı Beyrut şəhərində səfərdə olub.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, A.Paşazadə həmin məclisin 50 üzvündən biri seçilib. İslam aləminin nüfuz sahibi olan və çoxsaylı ölkələri təmsil edən alimlərin iştirak etdiyi iclasda Şeyxülislam çıxış edib. O, çıxışında İslam aləminin üzləşdiyi problemlər qarşısında İslam həmrəyliyi, İslami birliyin, xüsusən məzhəblərarası birliyin daha da möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb.

A.Paşazadə Azərbaycanda tarixən mövcud olan məzhəblərarası birliyin ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra daha da möhkəmlənməsi və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi kimi İslam aləmi üçün nümunə olan birliyin yaradıldığını iştirakçıların diqqətinə çatdırıb.

Dağlıq Qarabağ probleminə toxunan A.Paşazadə ölkəsinin ərazisinin beşdə birinin erməni ekstremistləri tərəfindən işğal olunduğunu və bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün olduğunu, işğal olunmuş ərazilərdə İslami abidələrin, məscidlərin və ziyarətgahların da dağıdıldığını qeyd edib və yığıncaqda iştirak edən alimləri bunu pisləməyə çağırıb.

Sonda Şeyxülislam ona böyük etimad göstərilərək İslam Məzhəblərinin Yaxınlaşdırılması Dünya Təşkilatının Ali Məclisinə üzv seçilməsi münasibətilə Ali Məclisin baş katibinə, təşkilatın rəhbərinə dərin təşəkkürünü bildirib.

İclas əsnasında A.Paşazadənin təşkilatın və Ali Məclisin rəhbərləri ilə, habelə görkəmli İslam alimləri ilə ikitərəfli görüşləri olub.

Livana səfəri çərçivəsində Şeyxülislamı ölkə parlamentinin sədri Nəbih Birri qəbul edib. Səmimi şəraitdə keçən görüş zamanı N.Birri Azərbaycanda keçirilmiş parlament seçkilərini yüksək qiymətləndirib və seçkilərin demokratik şəkildə keçdiyini vurğulayıb. Görüşdə hər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə böyük ehtiyac olduğunu, bu sahədə dini liderlərin də rolu qeyd olunub.

A.Paşazadə, öz növbəsində, Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri bir daha həmsöhbətinin diqqətinə çatdırıb və Azərbaycan xalqının bu problemin sülh yolu ilə ədalətli həllinə tərəfdar olduğunu ifadə edib.

Azərbaycanda Livan kimi çoxkonfessiyalıq sahəsində oxşarlığın olması, Azərbaycanda məzhəblər və dini konfessiyalar arasındakı birlik və əməkdaşlığın çox yüksək səviyyədə olduğunu həmsöhbətinin diqqətinə çatdıran Şeyxülislam bu birliyin başqa ölkələr üçün nümunə olduğunu xüsusi vurğulayıb.

Səmimi şəraitdə keçən görüşün sonunda N.Birri onun salamlarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına çatdırmasını Şeyxülislamdan xahiş edib.

Görüşdə İdarə sədrinin birinci müavini Hacı Salman Musayev və Xarici əlaqələr şöbəsinin müdiri M.Payızov də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti