Bakı. Səba Ağayeva - Trend:
AŞ PA-da xeyli erməni yönümlü qüvvələr olsa da, Dağlıq Qarabağ regionunda vəziyyət üzrə iki məruzədən birinin Bakının xeyrinə qəbul edilməsi Azərbaycan diplomatiyasının uğurudur. Bunu Trend-ə politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov deyib.
Onun sözlərinə görə, Azərbaycanın xeyrinə olan qətnamə ATƏT-in Minsk qrupunun həmsədrlərinin atdığı addımlara baxmayaraq qəbul edildi: "Həmsədrlər buna qədər bu məruzənin əleyhinə çıxış etməyə çağırırdılar. Guya bu, Minsk qrupunun formatını poza bilər. Onlar həmin sənədin qəbul edilməsini dayandırmağa çalışırdılar".
F.Sadıxov bildirib ki, "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı mərizənin bütünlüklə qəbul edilməməsi isə onu tam rədd etmək anlamına gəlmir: "Onun lehinə 66 nəfər səs verdi, 45 nəfər isə əleyhinə çıxış etməyərək bitərəf qaldı. Bitərəf qalanlarda hansısa narahatlıq var. Fikrimcə, bu, problemə AŞ PA-nın sessiyasında baxmaq üçün son cəhd deyil".
Qeyd edək ki, bu gün AŞ PA-da Militsa Markoviçin müəllifi olduğu "Azərbaycanın sərhədboyu ərazilərinin sakinlərinin qəsdən sudan məhrum edilib" adlı məruzə dinlənilib. Dinlənilmədən sonra qətnamə qəbul edilib.