Bakı. Trend:
Aprelin ilk günlərində Dağlıq Qarabağda ermənilərin törətdiyi qanlı hadisələr Avropa ölkələrinin çoxunda, xüsusən də Fransa cəmiyyətində böyük həyəcan yaradıb.
Baş verən hadisələrin gedişi, səbəbləri və nəticələri Fransa ictimai-siyasi mühitində və Fransa mediasında geniş işıqlandırılır.
Ənənəvi olaraq media orqanları vasitəsilə manipulyasiya etməyə və dezinformasiyalar yaymağa müvəffəq olan ermənilər və ermənipərəst qüvvələr bu dəfə çətinliyə düşüblər.
Azərbaycan həqiqətləri və xüsusilə, Dağlıq Qarabağ hadisələri haqqında Fransa cəmiyyətində getdikcə daha çox yer alan obyektiv məlumatlar Fransada yaşayan erməni diasporasını narahat etməyə başlayıb.
Fransa televiziya kanallarında və mətbuatında regiondakı reallıqları düzgün əks etdirən və Azərbaycanın mövqeyini dəstəkləyən hər hansı bir məlumat dərhal ermənilər tərəfindən etirazla qarşılanır.
Bu günlərdə Qarabağ münaqişəsi ilə bağlı öz fikirlərini mətbuatda açıqlamaq istəyən fransalı politoloq Didye Şodenin kiçik həcmli məqalələri bir çox redaksiyalarda işləyən erməni jurnalistlər tərəfindən əsl senzuraya məruz qalıb və onun məqalələrini yaymaqdan imtina ediblər.
Nəhayət, söz azadlığı prinsiplərinə sadiqlik nümayiş etdirərək Şodenin məqalələrini öz səhifələrində yerləşdirmiş "Reforme" analitik xəbər portalı isə çoxsaylı ermənilər tərəfindən amansız təhdidlərə məruz qalıb. İş o yerə çatıb ki, redaksiya rəhbərliyi müəllifdən üzr istəyərək məqalələri öz saytından çıxarmaq istəyib.
Lakin müəllif Didye Şodenin təkidli xahişlərindən sonra redaksiya onun məqalələrini öz saytında saxlamaq qərarına gəlib.