...

Nizami rayonunda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2017 16:57 (UTC +04:00)
Nizami rayonunda Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımı: 25 il yaddaşımızda” mövzusunda tədbir keçirilib.
Nizami rayonunda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı, “İki sahil” qəzetinin və Bakcell şirkətinin dəstəyi ilə 32 saylı orta məktəbdə “Xocalı soyqırımı: 25 il yaddaşımızda” mövzusunda tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbir iştirakçıları öncə eyni adlı mövzuda təşkil olunmuş rəsm sərgisi ilə tanış olublar.

Sonra işini akt zalında davam etdirən tədbirdə çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu bildirib.

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsindən 25 il keçir: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verənlər Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək. Həmin gün insan qanına susamış erməni cəlladları bütün dünyanın gözü qarşısında Azərbaycanın bu qədim şəhərində soyqırımı törədib, heç bir günahı olmayan yüzlərlə dinc insanı qətlə yetiriblər”.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov diqqətə çatdırıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib, yüzlərlə insan qətlə yetirilib, əlil olub, minlərlə Xocalı sakini əsir götürülüb. Soyqırımına cavabdeh olan mayor Seyran Ohanyan general rütbəsinə qədər yüksəlmiş və hazırda Ermənistanın müdafiə naziridir. Rəsmi Yerevan indiyə kimi Xocalıda baş vermiş hadisələri sadəcə hərbi əməliyyat kimi qiymətləndirir və məsuliyyəti öz üzərinə götürmək istəmir.

"Erməni təcavüzünün tanıdılması" İctimai Birliyinin sədri Səriyyə Müslümqızı deyib ki, Xocalının əlverişli coğrafi mövqeyinin olması və burada aeroportun mövcudluğu düşmənin Qarabağla bağlı gələcək planlarının gerçəkləşməsi üçün strateji məkan rolunu oynayıb, buna görə də Xocalı həmişə düşmənin maraq dairəsində olub. O qeyd edib ki, ermənilər Xocalıda qeyri-insanlıq təcəssüm etdirərək xüsusi amansızlıqla qadın, uşaq demədən kütləvi qırğınlar törədiblər.

Çıxış edən “İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü, “Əməkdar jurnalist” Vüqar Rəhimzadə soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini yüksək qiymətləndirib, hazırda bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsininin müdiri Məhəbbət Vəliyeva isə diqqətə çatdırıb ki, xalqımıza qarşı törədilən soyqırımı və deportasiyalar barədə həqiqətləri bütün dünyaya çatdırmağın, gələcək nəsillərə əyani surətdə göstərməyin və ictimaiyyət arasında onların təbliğinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş, Milli Qəhrəman Tofiq Hüseynovun oğlu Murad Hüseynov da soyqırımı ilə bağlı xatirələrini danışıb.

Çıxışlardan sonra rayon məktəbliləri arasında elan edilmiş “Xocalı soyqırımı: 25 il yaddaşımızda” mövzusunda inşa və rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Keçirilmiş müsabiqələrdən söz açan YAP Nizami rayon təşkilatının aparat rəhbərti Ramil Vəlibəyov deyib ki, bu cür müsabiqələrlə həm gənc nəslin Azərbaycan tarixi ilə bağlı maarifləndirilməsinə, həm də onların bilik və bacarıqlarının, yaradıcılıq potensiallarını üzə çıxarmağa çalışırıq. Eyni zamanda, bu cür tədbirlərlə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq təşviqat kampaniyasına gənc nəslimizin dəstəyini bir daha ifadə etmiş oluruq.

Müsabiqənin yekunları haqqında məlumat verən Ramil Vəlibəyov bildirib ki, fevral ayının 15-də yekunlaşan müsabiqəyə iki dildə, ümumilikdə 20-dən artıq məktəbdən 30 inşa və 25 rəsm əsəri daxil olub. Yaradılmış komissiya tərəfindən keçirilmiş qiymətləndirmə zamanı müsabiqənin qalibləri müəyyənləşdirilmişdir.

Sonra qaliblərə diplomlar və hədiyyələr təqdim edilib.

Daha sonra 32 saylı orta məktəbin kollektivinin rayon Mədəniyyət Mərkəzi ilə birgə hazırladığı “Dağın ətəyində bir yaşıl kənd var idi” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sonda xatirə şəkli çəkdirilib.

Xəbər lenti

Xəbər lenti