...

Berlində Xocalı soyqırımının 25-ci ildönümü anılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2017 17:02 (UTC +04:00)
Berlində Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə növbəti tədbir keçirilib
Berlində Xocalı soyqırımının 25-ci ildönümü anılıb

Bakı. Trend:

Almaniyada Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində növbəti müzakirələr 24 fevral 2017-ci ildə Berlindəki Türk Alman Sahibkarlar Birliyinin ofisində Türk-Azərbaycan Birliyi və Atatürkçü Düşüncə Dərnəyi tərəfindən təşkil olunub.

Azərbaycanın Almaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfir Ramin Həsənov tədbirdə çıxış edib.

Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycan xalqının qan yaddaşında Xocalı soyqırımının yerindən bəhs edib. R.Həsənov Azərbaycan və türk diasporlarının Qarabağ həqiqətlərinin dünyaya tanıtdırılması işində rolunu vurğulayıb və onların gələcəkdə bu istiqamətdə fəaliyyətlərinin əlaqələndirilməsinin vacibliyini qeyd edib.

Türkiyənin bu ölkədəki səfirinin birinci müşaviri Nuray İnöntəpə çıxış edərək Türkiyə Xarici İşlər Nazirliyinin Xocalı soyqırımına dair verdiyi bəyanatı səsləndirib. N.İnöntəpə Xocalı soyqırımını insanlığa qarşı törədilmiş cinayət adlandırıb.

Tədbirdə azərbaycanlı yazıçı və publisist Səriyə Cəfərovanın müəllifi olduğu Xocalı soyqırımının qurbanları haqqında “Onlar daha böyüməyəcəklər” filmi, eləcə də kinematoqraf Məsud Pənahinin rəhbərliyi ilə Almaniyada çəkilmiş Xocalı soyıqırımına dair cizgi filmi nümayiş etdirilib. Xocalı soyqırımının canlı şahidi olan S.Cəfərova həmin hadisələrdən olan acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirdə Türkiyənin Berlindəki Baş konsulu Mustafa Çəlik, Türk-Azərbaycan Birliyinin rəhbəri, Bundestaqın keçmiş deputatı Hakkı Kəskin, Türk Alman Sahibkarlar Birliyinin rəhbəri Bahəddin Kaya, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, Azərbaycan və türk diasporlarının təmsilçiləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti