...

Koreya Azərbaycanda məcburi köçkünlərlə bağlı layihələr həyata keçirməyi planlaşdırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyun 2017 19:33 (UTC +04:00)
Əli Həsənov bu gün Koreyanın ölkəmizdəki səfiri Kim Çanq-gyu və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Choi Yonjaenlə görüşüb.
Koreya Azərbaycanda məcburi köçkünlərlə bağlı layihələr həyata keçirməyi planlaşdırır

Bakı. Trend:

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov bu gün Koreyanın ölkəmizdəki səfiri Kim Çanq-gyu və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Choi Yonjaenlə görüşüb.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Ə.Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə diplomatik nümayəndələrin və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlı kəndinə təşkil edilmiş səfərində iştirak etdiyinə görə səfirə təşəkkürünü bildirib.

Baş nazirin müavini Ə.Həsənov bütün sahələr üzrə ölkələrimiz arasındakı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğunu diqqətə çatdıraraq münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızla bağlı Koreyanın ölkəmizdə fəaliyyət göstərən Şərq Təbabəti Klinikası, “For You” Beynəlxalq Humanitar İctimai Birliyinin, Koreyanın Azərbaycandakı səfirliyinin və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib və bu sahədəki əməkdaşlığın mühüm önəm daşıdığını diqqətə çatdırıb.

Görüşdə Ə.Həsənov eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyinin Koreya tərəfindən dəstəklənməsinin vacibliyini bildirib.

Ölkələrimiz arasında bir sıra sahələrdə, o cümlədən mədəni məsələlərdə oxşarlıqların olmasına toxunan səfir Altay dil qurupuna aid ölan ölkələrin arasında birliyin yaranmasının gələcəkdə öz nəticəsini göstərəcəyinə əminliyini qeyd edib.

Koreyalı diplomat ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində öz köməyinin əsirgəməyəcəyini və bunun üçün səylərinin artırılacağını diqqətə çatdırıb.

Səfir Kim Çanq-gyu ötən dövrlərdə məcburi köçkünlərə dəstək üçün həyata keçirdikləri layihələrin bu gün müsbət nəticələri olduğunu vurğuladı və cari ildə də bir sıra tədbirlərin planlaşdırıldığını bildirib.

İki ölkə arasında siyasi sahədə əməkdaşlıqla bağlı komissiyanın yaradıldığını deyən səfir eyni zamanda tibb, kənd təsərrüfatı, informasiya texnologiyaları və turizm sahəsində də müvafiq işlərin görüldüyünü diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti