...

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyətini daim diqqət mərkəzində saxlayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Sentyabr 2017 16:58 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Ajmone Sessera ilə Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün doğma yurdlarına getdikləri zaman Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müzakirə aparıb.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, E.Süleymanova D.Əsgərov və Ş.Quliyevin qaytarılmaması, dünya ictimaiyyətinin bu qeyri-hüquqi, qeyri-insani hadisəyə hələ də susqunluqla yanaşdığının beynəlxalq hüquq normalarına uyğun olmaması ilə bağlı narahatlığını ifadə edib.

E.A.Sessera BQXK-nın Azərbaycan nümayəndəliyinin fəaliyyəti, xüsusilə sərhədboyu rayonlarda həyata keçirilən layihələr, icmalarla aparılan iş barədə məlumat verib, həmçinin D.Əsgərov və Ş.Quliyevin vəziyyətlərini daim diqqət mərkəzində saxladıqlarını, ailələri ilə müntəzəm əlaqələrin yaradılmasına nail olduqlarını bildirib.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti