...

Ərəstun Mehdiyev: Ermənistan bu gün də nasist ideologiyasını təbliğ edir (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Oktyabr 2017 10:59 (UTC +04:00)
Bu gün Bakıda “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Ərəstun Mehdiyev: Ermənistan bu gün də nasist ideologiyasını təbliğ edir (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Bakıda “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Trend-in məlumatına görə, konfrans II Dünya Müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində Azərbaycan Veteranlar Təşkilatı, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Azərbaycan nümayəndəliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda 19 ölkədən nümayəndə, Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, Azərbaycan II Dünya müharibəsində faşizm üzərində qələbəyə mühüm töhfələr verib.

O qeyd edib ki, Azərbaycan bütün potensialı ilə faşizmə qarşı mübarizədə iştirak edirdi: “Azərbaycandan müharibədə 700 mindən çox insan iştirak edib. Onlardan 300 mindən çoxu həyatını itirib. On minlərlə soydaşımız yaralanıb, minlərlə həmyerlimiz itkin düşüb”.

C.Xəlilov həmçinin, tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib.

Sonra tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev konfrans iştirakçılarını salamlayaraq bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

Ə.Mehdiyev bildirib ki, alman faşizmi üzərində böyük qələbədə Azərbaycan xalqının danılmaz payı var. O qeyd edib ki, bu gün bəzi tarixçi saxtakarlar II Dünya Müharibəsində xalqımızın faşizmə qarşı mübarizədə rolunu, tarixi həqiqətləri təhrif etmək istəyirlər:

“Müharibə zamanı Bakı cəbhəni lazımi qədər yanacaqla təmin edib. Xalqımız cəbhəyə yalnız neft göndərməyib, həmçinin 700 mindən çox soydaşımız faşizmə qarşı mübarizədə fəal iştirak edib və onların təqribən yarısı həlak olub. O zaman Azərbaycan əhalisi 3.4 milyon nəfər təşkil edirdi və demək olar ki, hər 5 həmyerlimizdən biri döyüşürdü”.

Ə.Mehdiyev vurğulayıb ki, Azərbaycanda Böyük Vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə dövlət tərəfindən lazımi diqqət və qayğı göstərilir: “Ümummili lider Heydər Əliyevin təşəbbüsü ilə bu günə qədər hər il qələbə günü Azərbaycanda böyük təntənə ilə qeyd olunur. Böyük Vətən müharibəsi veteranlarına və onların ailə üzvlərinə diqqət və qayğı dövlətin prioritet istiqamətlərindən biridir. Onlara dövlət tərəfindən mənzil, avtomobil, istirahət səfərləri və digər güzəştlər təqdim olunur. Eyni zamanda, ölkə başçısı tərəfindən müharibə iştirakçılarına və onların ailələrinə maddi yardm göstərilir”.

Ə.Mehdiyev vurğulayıb ki, II Dünya Müharibəsindən 70 il keçsə də, bu gün də faşist ideyaları yayılır və təbliğ edilir: “Ermənistanda o zaman faşistlərə böyük yardım göstərən, vətəninə və xalqına xəyanət edən nasist Nijdeyə abidə qoyulub və hətta bu abidənin açılışında ölkə rəhbəri də iştirak edib. Diqqət edin, regional SS-in yaradıcısı, vətən xəyanətkarı indi Ermənistanda milli qəhrəman olub. Əlbəttə, bu bir çox ölkələrin və veterenlarının etirazına səbəb olub. Ermənistan bu gün də nasist ideologiyasını təbliğ edir. 25 ildən artıqdır ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayonu Ermənistanın işğalı altındadır, bu təcavüz nəticəsində bir milyondan artq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistanın faşist ideologiyasını yayması nəinki bizim regiona, bütün dünyaya təhdid yaradır. Bu məsələdə bizim dəqiq və qəti mövqeyimiz olmalıdır”.

Tədbir digər iştirakçıların çıxışı ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti