...

Səfir: Ermənistanın yeni rəhbərliyi nikbin heç nə vəd etmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 May 2018 16:57 (UTC +04:00)
Ermənistanın yeni rəhbərliyi bir sıra məsələlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nikbin heç nə vəd etmir
Səfir: Ermənistanın yeni rəhbərliyi nikbin heç nə vəd etmir

Bakı. Ənvər Məmmədov - Trend:

Ermənistanın yeni rəhbərliyi bir sıra məsələlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nikbin heç nə vəd etmir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov deyib.

Onun sözlərinə görə, Ermənistanın keçmiş rəhbərliyi radikal destruktiv siyasət həyata keçirirdi ki, bu da danışıqların normal gedişinə mənfi təsir göstərib.

Fuad İsgəndərov qeyd edib ki, Ermənistan öz iqtisadiyyatını dirçəltməkdən ötrü regionda həyata keçirilən layihələrə qatılmalıdır: "Bu isə yalnız qonşu ölkələrlə normal münasibət qurmaq əsasında ola bilər. İndiki rəhbərlik isə bunun həlli üçün nikbin heç nə vəd etmir. Seçildiyi ilk günlərdən baş nazir Nikol Paşinyan Şuşanın işğalı ilə bağlı keçirilən tədbirlərdə iştirak etmək üçün münaqişə zonasına getdi. Orada işğal altında olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin mümkünlüyünü vurğuladı. Hətta qondarma rejimin danışıqlarda tərəf kimi iştirakı ilə bağlı təklif irəli sürdü. Və bu aqressiv ritorikanın ardınca erməni silahlı qüvvələri Naxçıvanda təxribata yol verdi, bir azərbaycanlı hərbçi həlak oldu".

Səfir əlavə edib ki, Ermənistan aqressiv bəyanatlarla çıxış etdiyi bir vaxtda, Azərbaycan tərəfi danışıqların davam etdirilməsində maraqlı olduğunu bəyan etdi. Xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdü.

"Belə olan halda iki fərqli variant ortaya çıxır. Aqressiv davranış və konstruktiv yanaşma tərzi. Ümid edirəm ki, dünya birliyi bunu adekvat qiymətləndirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti