Bakı. Ləman Zeynalova - Trend:
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini mövcud format çərçivəsində nəzərdən keçirmək lazımdır.
Bunu Trend-ə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin mövqeləri Rusiya, ABŞ və Fransanın ali rəhbərliyinin birgə bəyanatlarında dəfələrlə səsləndirilib:
“Bu mövqenin əsasında Helsinki yekun aktının prinsiplərinə, o cümlədən güc tətbiq olunmaması, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanır. Bu bəyanatlarda yer alan nizamlama elementləri arasında Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması, həmçinin Dağlıq Qarabağın yekun hüquqi statusunun əhalinin öz iradəsini ifadə etməklə müəyyən olunması yer alır. Baxılmış və baxılmaqda olan sənəd və təkliflərə gəldikdə isə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov onları sadalayıb”.
Nazirlikdən bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusu kifayət qədər həssasdır:
“Bunu ictimai debatlar müstəvisinə keçirmək qeyri-məhsuldar olar. Hesab edirik ki, nizamlama məsələlərini mövcud format çərçivəsində nəzərdən keçirmək lazımdır. Bu mövzuda məşvərətlər davam edir və bunu aprelin 21-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin həmsədrlərin iştirakı ilə baş tutmuş videokonfransı da təsdiq edir”.