Bakı. İlhamə İsabalayeva - Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Yaponiyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Vada Cüniçi arasında tanışlıq görüşü keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumaya görə, görüşdə Azərbaycan-Yaponiya arasında mövcud əməkdaşlıq və gələcək planlar müzakirə olunub, Azərbaycan-Yaponiya birgə İqtisadi Komissiyası çərçivəsində fəaliyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Danışıqlar zamanı yaponiyalı diplomata Ermənistanın ölkəmizə qarşı törətdiyi müharibə cinayətləri və apardığı xain hücum siyasəti barədə məlumat verilib. Təəssüflə bildirilib ki, son günlər işğalçıların Azərbaycanın iri şəhər və kəndlərini, yaşayış məntəqələrini, mülki obyektləri intensiv atəşə tutması nəticəsində dinc əhali arasında həlak olan və yaralananlar var.
Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz fəaliyyəti, təbii resurslarımızın talan olunması, su ehtiyatlarından təmas xəttinə yaxın ərazilərdə yaşayan yüz minlərlə əhalimizə qarşı ekoloji terror vasitəsi kimi istifadə etməsi və transsərhəd çayların çirkləndirilməsi məsələləri də səfirin diqqətinə çatdırılıb.
Danışıqlar zamanı səfir V.Cüniçi münaqişənin həllinin region üçün mühüm önəm kəsb etdiyini bildirib.
Görüşdə təcavüzkar Ermənistanın torpaqlarımızın işğalına son qoyması, Azərbaycanın ədalətli mövqeyinə, özünü müdafiə hüququ çərçivəsində atdığı addımlara dünya ölkələrinin, beynəlxalq təşkilatların dəstək olması və Ermənistana təzyiq göstərməsinin vacibliyi vurğulanıb.