...

Azərbaycanın Vətən müharibəsindəki inamlı qələbəsi Malayziya paytaxtında da qeyd olunub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Noyabr 2020 09:23 (UTC +04:00)
Azərbaycanın Vətən müharibəsindəki inamlı qələbəsi Malayziya paytaxtında da qeyd olunub (FOTO)

Bakı. Trend:

Müzəffər Azərbaycan ordusunun 10 noyabr tarixində elan olunmuş qələbəsi ölkəmizin Malayziyadakı Səfirliyinin təşəbbüs və dəstəyi ilə paytaxt Kuala Lumpurda da xüsusi sevinc hissi ilə qeyd olunub.

Səfirlikdən Trend-ə verilən məlumata gör, məşhur "Petronas" əkiz qüllələrinin yerləşdiyi şəhər meydanındakı nəhəng billbordda dalğalanan Azərbaycan bayrağı və milli bayrağımız fonundakı şüarlar yerli sakinlərin və şəhərin qonaqlarının geniş marağına səbəb olub. Bu səpkidə, "Azərbaycan - Qafqazın Məğrur Ölkəsi", "Azərbaycan - Dostluq və Mədəni Müxtəliflik Diyarı" və "Azərbaycan - Hər Zaman Sülh və Ədaləti Dəstəkləyir" şüarları xalqımızın zəfər sevincini və əsrlərdən bəri davam edən oxşarsız nəcibliyini Kuala Lumpur metropolunda növbəti dəfə nümayiş etdirib.

Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev bu əlamətdar hadisə ilə bağlı bildirib ki, işğal altındakı torpaqlarımızın azad olunması uğurunda apardığımız haqlı mübarizədə əldə etdiyimiz qələbə sevincini malayziyalı qardaş və bacılarımızla bölüşməyimiz təsadüfi deyil. Səfir qeyd edib: "Bildiyiniz kimi, Malayziya Hökuməti və xalqı hər zaman Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verib və bu siyasətini bu gün də davam etdirir. Biz, dost və qardaş Malayziya xalqının belə qətiyyətli mövqeyini hər zaman alqışlayırıq. Təkcə son iki faktı xatırlatmaq istərdim ki, cari ilin 27 sentyabr tarixində Ermənistanın hərbi qüvvələri ölkəmizə qarşı növbəti təcavüzkarlıq aktına başlayandan dərhal sonra Malayziyanın Xarici İşlər Nazirliyi ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə edən bəyanat qəbul etmişdir. Həmçinin, 1 oktyabr tarixində Malayziya Parlamentində Malayziya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu tərəfindən Ermənistanın ölkəmizə apardığı hərbi təxribatı kəskin şəkildə pisləyən bəyanat yayılmışdır. Bu baxımdan, biz də öz növbəmizdə bu gün Vətən müharibəsində əldə etdiyimiz qələbə sevincini Malayziyanın füsunkar paytaxtı Kuala Lumpurda böyük həyəcan və qürur hissi ilə qeyd edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti