Bakı. İlhamə İsabalayeva - Trend:
“Böyük Ermənistan” uydurması ilə yaşayan ermənilər miflər əsasında öz tarixlərini yaratmağa çalışırlar.
Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun “Ermənişünaslıq” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyib.
Onun sözlərinə görə, ermənilərdən fərqli olaraq, Azərbaycan yazılı mənbələr, arxeoloji materiallarla təsdiqini tapan qədim tarixə, zəngin mədəniyyətə və dövlətçilik ənənəsinə malikdir:
“Tarixi tədqiqatlar göstərir ki, Azərbaycan böyük və çoxillik tarixi dövlətçilik yolu keçib. Əlverişli geostrateji mövqeyə, iqtisadi cəhətdən böyük əhəmiyyətə malik olan bir ərazidə yerləşən Azərbaycan xalqı qədim, orta əsrlər, yeni və ən yeni dövlətçilik tarixinə sahib olub. Bu dövlətlər içərisində hətta imperiyalar mövcud olub və onlar böyük əraziləri əhatə edib”.
Ermənilərin hər zaman Azərbaycanın tarixi torpaqlarına sahib çıxmağa çalışdığını deyən Q.Hacıyev təəssüflə qeyd edib ki, İrəvan şəhəri də verilməklə Azərbaycan xanlıqlarının 9.8 min kv.km ərazisində yerləşən Ermənistana daha sonra Zəngəzur və Göyçə mahalı da verildi. Bununla da Ermənistanın ərazisi Azərbaycan torpaqlarının hesabına 28.6 min kv/km-ə çatdırıldı:
“Bu azmış kimi Azərbaycanın daxilində ermənilər üçün Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Ermənilərin ərazi iddiaları sovetlər dövründə də davam etdirildi. 1988-ci ildən yenidən baş qaldıran əsassız ərazi iddiaları ilə Ermənistan hərbi qüvvələri Azərbaycanın 20% ərazisini də işğal etdi. Dağlıq Qarabağ və ətraf rayonları işğal edən Ermənistan 30 il müddətində işğal altında olan torpaqların bir qarışını belə Azərbaycana qaytarmayıb. Əksinə bu əraziləri işğal edən Ermənistan son zamanlar Azərbaycanı yeni əraziləri işğal edəcəyi ilə təhdid etdi: “Ermənistan dövlətinin qeyri-konstruktiv mövqeyi, beynəlxalq təşkilatlar və böyük dövlətlərin laqeyd münasibətləri nəticəsində işğal olunmuş ərazilərimiz nəinki işğaldan azad edilmədi, əksinə özününküləşdirməyə, qanunsuz məskunlaşdırmağa başlanıldı. Azərbaycanın tarixi problemlərini yaxşı bilən, beynəlxalq hüquq qaydalarına yaxşı bələd olan Azərbaycan Prezidenti İlham Əliyev dövlət vəzifələrində çalışdığı ilk günlərdən və prezident seçildiyi dövrdən etibarən Azərbaycanın bu taleyüklü məsələsinə xüsusi diqqət yetirdi. İşğal olunmuş ərazilərimizin azad olunması üçün bütün diplomatik vasitələrdən məharətlə istifadə etdi, işğal olunmuş ərazilərimizin sülh yolu ilə azad edilməsinə çalışdı. Təcrübəli dövlət başçısı, beynəlxalq səviyyəli diplomat Prezident İlham Əliyev dövlət, xalq, ordu birliyinə arxalanaraq Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə başladı və buna nail oldu”.