...

SƏFƏR ƏBİYEV: "AZƏRBAYCAN ÖZ TORPAQLARINI MÜTLƏQ AZAD EDƏCƏK"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Oktyabr 2005 14:51 (UTC +04:00)

"Azərbaycan öz torpaqlarını mütləq azad edəcək". Bunu oktyabrın 11-də Azərbaycan Respublikasının müdafiə naziri Səfər Əbiyev NATO-nun Neapoldakı Birləşmiş Qüvvələr Komandanlığı Baş Qərargahının dəstə üzrə rəis müavini general-mayor Dimitrios Panagiotu ilə görüşündə deyib.

Müdafiə Nazirliyindən Trend ə verilən məlumatda bildirilir ki, Dimitrios Panagiotunun başçılıq etdiyi nümayəndə heyəti Bakıda keçirilən hərbi əməkdaşlıq üzrə ekspert işçi görüşünə gəlib.

Görüş zamanı müdafiə naziri qeyd edib ki, Azərbaycan 1994-cü ildən NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramında fəal iştirak edir. "Bu ildən isə Fərdi Tərəfdaşlığın Fəaliyyət Planına (İPAP) qoşulub. İnanırıq ki, sizin bu səfəriniz Azərbaycan-NATO əməkdaşlığının bir daha sıxlaşmasına təkan verəcək".

S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsinə toxunub. "Ermənistan heç bir vəchlə işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmaq istəmir. Azərbaycan isə öz torpaqlarını mütləq azad edəcək".

General D.Panagiotu müdafiə nazirinə qəbul üçün təşəkkürünü bildirib. Qonaq Azərbaycana gəlmiş NATO missiyası haqqında ətraflı məlumat verib. Qeyd edib ki, bu səfərdə məqsəd Azərbaycanın NATO-ya inteqrasiyasını gücləndirməkdir.

Tərəflər Azərbaycan-NATO əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparıb.

Xəbər lenti

Xəbər lenti