...

ANAMA rəhbəri: Saloğlu ərazisi hələ də böyük təhlükə doğurur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 May 2006 15:00 (UTC +04:00)

Azərbaycanın Ağstafa rayonu ərazisindəki Saloğlu kəndi yaxınlığındakı ərazi hələ də çox təhlükəli olaraq qalmaqdadır. Trend in verdiyi məlumata görə, bu barədə jurnalistlərə Azərbaycanın minalanmış əraziləri üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmaıyılov bildirib.

N. İsmayılov xatırladıb ki, Saloğlu ərazisinin minalardan təmizlənməsi ilə məşğul olan agentliyin əməkdaşlarından birinin üzərinə ağ fosfor (napalm) töküldükdən sonra o, dərhal xəstəxanaya çatdırılıb. "Bu, bir daha həmin rayonda işlərin nə dərəcədə təhlükəli olduğunu göstərir", -deyə N.İsmayılov bildirib və əlavə edib ki, insidentlərin qarşısının alınmasında əsas iş əhali arasında maarifləndirmə işləri aparan qrupların üzərinə düşür.

Agentliyin direktorunun sözlərinə görə, 2006-cı ilin ilk 5 ayı ərzində Azərbaycan ərazisində 4, 2005-ci ildə 26, 2004-cü ildə 40 insident qeydə alınıb. "Hər halda insidentlərin sayının azalmasından danışmaq olmaz. Hər şey vəziyyətin bütün mürəkkəbliyini dərk etmək üçün əhalinin maarifləndirilməsindən asılıdır. Əgər qadağanedici nişanlar varsa, onları öyrətmək lazımdır", -deyə o sonda bildirib.

Bununla yanaşı, N. İsmayılov deyib ki, Agentliyin bütün işi beynəlxalq standartların nəzərə alınması üzrə qurulub. "Əgər onlar nəzərə alınarsa, onda işçilərin təhlükəsizliyinə zəmanət 100 % olacaq", -deyə o bildirib. Onun sözlərinə görə, ANAMA-nın şəxsi heyəti üçün treninqlərin sayı bundan sonra da artacaq.

Qeyd edək ki, Saloğlu kəndi ərazisində bir vaxtlar sovet ordusunun döyüş sursatı anbarı yerləşib. Lakin partlayışdan sonra həmin sursat bir neçə kilometr radiusda ətrafa səpələnib.

Xəbər lenti

Xəbər lenti