Beyləqan və Füzulinin təmas xəttində qulluq edən Azərbaycan ordusunun əsgər və zabitlərində ruh yüksəkliyi müşahidə etdik. Bu barədə Trend ə iyunun 17-18-də adıçəkilən rayonlarda səfərdə olan deputat qrupunun üzvü Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev bildirib.
Qeyd edək ki, iyunun 17-də Milli Məclisin bir qrup üzvü - Elmira Axundova, Vahid Əhmədov, Əli Məsimov, Lalə Abbasova, Azay Quliyev və Sabir Hacıyev Beyləqan və Füzuliyə səfər edib. Məqsəd təmas xəttində yerləşən əsgər və zabitlərimizlə görüşmək və onların şəraiti ilə tanış olmaq idi.
S.Hacıyev qeyd edib ki, deputatlar əsgər və zaibtlərlə görüşüblər, kazarmalara, yeməkxanalara baxış keçiriblər: "Səfərdən məmnun qaldıq. Əsgər və zabitlərimizin sosial şəraitləri bizi qane etdi. Ən əsası isə onlarda ruh yüksəkliyinin olması idi ki, bu da millət vəkillərini sevindirdi".
Milli Məclisin mətbuat xidmətindən aldığımız məlumata görə iyunun 21-də saat 12.00-da deputat qrupunun məlum səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçiriləcək.