...

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri erməni əsirliyində olan azərbaycanlı əsgərlə iki dəfə görüşüblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Dekabr 2006 12:12 (UTC +04:00)

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri erməni əsirliyində olan azərbaycanlı əsgər Samir Məmmədovla iki dəfə görüşüblər. Bu barədə Trend ə Azərbaycanın Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komisiyasının İşçi Qrupunun sədr müavini Eldar Səmədov məlumat verib.

E.Səmədov bildirib ki, BQXK nümaynədələri əsgərin saxlandığı yerlə və onun səhhəti ilə maraqlanıblar. BQXK-dan İşçi Qrupuna verilən məlumata görə, əsgər normal şəraitdə saxlanılır, səhhətində isə heç bir problem yoxdur. E.Səmədov onu da bildirib ki, əsgərin öz ailəsinə məktub yazıb-yazmaması barədə İşçi Qrupunda heç bir məlumat yoxdur.

"Hazırda əsgərin əsirlikdən azad edilməsi ilə əlaqədar BQXK və digər aidiyyati qurumlar qarşı tərəflə danışıqlar aparır və ümid edirik ki, yaxın vaxtlarda buna nail olacağıq" - deyə Eldar Səmədov vurğulayıb.

Qeyd edək ki, 1 il əvvəl Bərdə rayonundan hərbi xidmətə çağırılmış və Qazaxın Ağastafa rayonundakı N saylı hərbi hissədə hərbi xidmətdə olan sıravi əsgər Samir Nazim oğlu Məmmədov dekabrın 24-də naməlum şəraitdə erməni hərbçilərinə əsir düşüb. Bəzi mənbələr onun könüllü şəkildə erməni hərbçilərinə tərəf keçməsi barədə məlumat yaysa da, rəsmi mənbələr bunu təsdiqləmir və bildirir ki, əsgərin hansı şəraitdə əsir düşməsi barədə onun geri qaytarılmasından və araşdırmalar aparıldıqdan sonra dəqiq məlumat əldə etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti