...

AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri: "Ermənistanın öhdəliklərinin müzakirəsi zamanı ikiqat aktivlik nümayiş etdirəcəyik"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Yanvar 2007 12:23 (UTC +04:00)

"Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti qurumun qış sessiyasında Ermənistanın öhdəlikləri müzakirə olunan zaman ikiqat aktivlik nümayiş etdirəcək." Bu sözləri Trend ə açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, millət vəkili Səməd Seyidov deyib.

S.Səmədov qeyd edib ki, Azərbaycanın nümayəndə heyəti Avropa Şurasına üzv olan ölkələrin öhdəlikləri müzakirə olunan zaman aktivlik nümayiş etdirir.

"Ermənistanın öhdəlikləri müzakirə olunan zaman ikiqat aktivlik nümayiş etdirməyimizin səbəbləri məlumdur. Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır və qəbul olunmuş beynəlxalq qanunlara əməl etmir. Ona görə də Azərbaycan öz haqq səsini bir daha ucaldacaq", - deyə nümayəndə heyətinin rəhbəri bildirib.

Öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistana Avropa Şurasının necə münasibət bəsləyəcəyinə gəlincə, Səməd Seyidov vurğulayıb ki, bu, müzakirələrdən sonra məlum olunacaq: "Hesab edirəm ki, həm Avropa Şurası, həm də digər beynəlxalq təşkilatlar artıq o fikrə gəlirlər ki, bütün problemləri yaradan və bu problemlərlə Avropanın özü üçün təhlükə mənbəyinə çevrilən Ermənistanın apardığı siyasətdir."

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, AŞ PA-nın qış sessiyası çərçivəsində qurumun Miqrasiya, qaçqınlar və məskunlaşma üzrə Alt Komitəsinin iclası keçiriləcək və toplantıda niderlandlı parlamentari Leo Platvoetin Cənubi Qafqazda itkin düşən, əsir və girov götürülən şəxslərlə bağlı mərüzəsi müzakirə olunacaq.

Xatırladaq ki, AŞ PA-nın qış sessiyası yanvarın 22-26-sı tarixində Strasbunqda keçiriləcək. Azərbaycanın nümayəndə heyəti yanvarın 20-də Strasbunqa yola düşəcək.

Xəbər lenti

Xəbər lenti