...

Ermənistanda parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sülh sazişi imzalana bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Mart 2007 14:41 (UTC +04:00)
Ermənistanda parlament  seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sülh sazişi imzalana bilər

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) Daimi Komitəsinin Parisdə keçirilən iclasına qonaq kimi qatılan ATƏT Parlamenet Assambleyasının sədri Qoran Lenmarker bildirib ki, may ayında Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sülh sazişi imzalana bilər. Bu barədə Daimi Komitənin iclasında iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov məlumat verib.

R.Hüseynovun sözlərinə görə, ATƏT Parlament Assambleyasının sədri Qoran Lenmarker Avropanın siyasi durumuna dair məruzə ilə çıxış edib. Onun məruzəsində Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Q.Lenmarker bildirib ki, may ayında parlament seçkiləri bitdikdən az sonra - iyun-iyul aylarında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər. İclasda iştirak edənlərin "Sizdə belə bir inam haradandır?" sualına cavab verərkən Qoran Lenmarker deyib ki, münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun təklifləri tərəflər arasında müzakirə edilib, bir sıra detallar barədə razılığa nail olunub. "Qoran Lenmarker dedi ki, hazırda ayrı-ayrı detallar ətrafında müzakirələr davam etdirilir və sülh sazişinin hazırlanması istiqamətində iş aparılır. Ona görə də tərəflər indi hər zaman olduğundan daha artıq sülh müqaviləsinin imzalanmasına yaxındırlar", -deyə R.Hüseynov əlavə edib.

Millət vəkilinin sözlərinə görə, ATƏT PA-nın sədri bildirib ki, Azərbaycanla Ermənistan 2001-ci ildə Ki-Uestdə sülh sazişini imzalamağa yaxın olublar. Lakin tərəflərin mövqeyi indi daha çox bir-birinə yaxındır: "O əlavə etdi ki, münaqişənin həlli qarşılıqlı kompromislərdən asılıdır və Ermənistan və Azərbaycan qarşılıqlı kompromislərə hazır olmalıdırlar. Eyni zamanda münaqişənin həlli prezidentlərlə yanaşı iki xalqın da kompromislərə hazır olmasından asılıdır."

Q.Lenmarker deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli digər münaqişələrin həllinə də müsbət təsir göstərəcək.

Xəbər lenti

Xəbər lenti