...

Qarabağ Azadlıq Təşkilatı Şuşanın işğalının ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Aprel 2007 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 15-ci ildönümü ilə əlaqədar Qarabağ Azadlıq Təşkilatı (QAT) bir sıra tədbirlər planı hazırlayıb. Bu barədə cümə axşamı QAT sədri Akif Nağı açıqlama verib.

QAT sədri qeyd edib ki, erməni separatçıları Qarabağı erməniləşdirmək üçün bütün növ təbliğat maşınlarını işə salıblar. Azərbaycanın ən qədim şəhərlərindən olan Şuşanın tarixini saxtalaşdıraraq erməniləşdirmək məqsədlərini həyata keçirmək üçün hətta xarici ölkələrdən, Amerikadan şirkətlər cəlb edirlər.

QAT Bakıda və Azərbaycanın digər şəhərlərində, rayonlarında müxtəlif formalı tədbirlər keçirəcək. Tədbirlər planı QAT-ın Ali Məclisinin aprelin 28-də keçiriləcək genişləndirilmiş iclasında təsdiqlənəcək.

"Tədbirlər yürüşlərin, konfransların keçirilməsi və digər formalarda olacaq. Həmçinin beynəlxalq təşkilatlara müraciətlər göndəriləcək. Məqsəd yalançı erməni təbliğatını ifşa etməkdir. Tədbirlərə mayın 6-dan başlanacaq, mayın 8-də - Şuşanın işğalının ildönümü günü Bakıda Şəhidlər Xiyabanı ziyarət olunacaq" - deyə Nağı məlumat verib.

QAT eyni zamanda 8 may tarixinin "Azərbaycanın işğal olunmuş ərazilər günü" kimi elan edilməsi təklifi ilə Milli Məclisə müraicət təqdim edəcək.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda Qarabağ Azadlıq Təşkilatı yaradılıb. Tarix elmləri namizədi, dosent Akif Nağının rəhbərlik etdiyi təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalıları, qaçqın və məcburi köçkünləri, gənclər, keçmiş döyüşçülər, ehtiyatda olan yüksək rütbəli zabitlər olmaqla 10 min nəfəri birləşdirir. QAT-ın Azərbaycanın bölgələrində və müxtəlif xarici ölkələrdə təmsilçiləri fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti