...

Ekologiya Nazirliyi ermənilərin qoşunların təmas xəttində yanğınlar törətməsi faktını araşdırmağa başlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 May 2007 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Ermənistan Silahlı Qüvvələrinin qoşunların təmas xəttində yenidən yanğınlar törətməsi faktını araşdırmağa başlayıb. Bu barədə çərşənbə axşamı nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, artıq dünəndən başlayaraq ermənilər Füzuli rayonunun işğal altında olan Ayıbasan, Horadiz kəndlərində və Cəbrayıl rayonunun işğal altında olan Lələtəpə adlandırılan ərazisində və Mehdili kəndində yanğın törətməyə başlayıblar. Yanğınlar bu gecə daha çox şiddətli olub.

Ötən ilin iyun-avqust aylarında erməni işğalçıları tərəfindən Azərbaycanın 34090 hektar ərazisi yandırılıb. Bunun nəticəsində təbiətə 7 543 907 AZN-dən (8,6 milyon ABŞ dolları) çox ziyan dəyib. İki ay müddətində davam edən yanğınlar nəticəsində Ağdam rayonunun işğal altında olan Yusifcanlı, Novruzlu, Bağbanlar, Saybalı, Sarıcalı və Baş Qərvənd kəndləri tamamilə yandırılıb. Alov rayonun Şıxbabalı, Mərzili, Xıdırlı və Göytəpə kəndlərinin ərazilərinə də keçərək otlaq və biçənəkləri yandırıb. Rayonun Ergi qış otlaq sahəsində 10 hektarlarla ərazi tamamilə yanıb, flora və faunaya ciddi ziyan vurulub. Mərzili, Novruzlu və Yusifcanlı kəndlərinin ərazilərində erməni hərbçiləri tərəfindən təxminən 4 min hektar, Əfətəli, Qaradağlı və Mahrızlı kəndləri ərazisində təxminən 1500 hektar, Zəngişalı, Çəmənli və Sarıcalı zonasından Qaradağlı və Kəngərli zonasına doğru təxminən 480 hektar, Sarıcalı, Əhmədağalı və Çıraqlı kəndlərindən Göytəpə, Gülçülük və Qərvənd kəndi ərazisinə doğru təxminən 350 hektar ərazi yandırılıb. Ümumilikdə, 31 kilometrlik təmas xəttində təxminən 6330 hektar təbii otlaq sahəsi erməni işğalçıları tərəfindən məhv edilib.

Füzuli rayonunun işğal altında olan Füzuli şəhəri və Horadiz, Yağləvənd, Gövşatlı və Dədəli kəndlərinin ərazilərində güclü yanğınlar zamanı isə Əbdürrəhmanlı, Qaraxanbəyli, Qaraməmmədli, Qərvənd, Aşağı Seyidəhmədli, Yuxarı Seyidəhmədli kəndlərinin əraziləri də yandırılıb. Eyni hadisə Cəbrayıl rayonunun Mehdili, Maralyan və Çocuq Mərcanlı kəndlərinin ərazilərində də baş vermişdir. Füzuli və Cəbrayıl rayonlarının ərazilərində erməni işğalçıları tərəfindən törədilmiş yanğınlar nəticəsində 10 min hektardan çox otlaq sahələri və 100 hektardan çox yaşıllıqlar (ağaclıqlar və kol-koslar) yandırılıb.

Xəbər lenti

Xəbər lenti