Ukrayna, Kiyev /xüsusi müxbir Trend E.Hüseynov/ Əminəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə diplomatik yolla, Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ üçün müəyyən xüsusi statusu təmin edəcək formulla nail olunacaq. Bu sözləri Kiyevdə Trend informasiya agentliyinə və bir sıra Azərbaycan telekanallarına müsahibəsində Ukrayna prezidenti Viktor Yuşenko deyib.
"Bu gün sual belədir: bu formulu qəbul etmək, öz ölkələrində bunun münaqişənin həllinin alternativsiz variant olduğunu başa salmaq üçün tərəflərin siyasi iradəsi yetərli olacaqmı? Əgər hətta kiməsə bu, xoş gəlmirsə, məncə siyasi müdriklik nümayəş etdirilməli və müvafiq variantı hələ qəbul edə bilməyən millətin müəyyən hissəsinə siqnallar verilməlidir"- deyə o vurğulayıb.
Ukrayna prezidentinin fikrincə, bu gün Qarabağ münaqişəsinin həllinin bir əsas problemi var. Bu da vaxt itkisidir. "İtirdiyimiz vaxt isə keyfiyyətcə fərqli nizamlanma vermir və buna görə də bu gün Ukraynanın mövqeyi ondan ibarətdir ki, biz Qarabağ probleminin həlli ilə bağlı dialoqu optimal etmək üçün bütün resursumuzu səfərbər etməyə hazırıq"- deyə o vurğulayıb.
Yuşenkonun sözlərinə görə, Ukrayna uzun illər ərzində bəyan edir ki, Dağlıq Qarabağın statusu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nəzərdən keçirilməlidir.