Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Beynəlxalq humanitar təşkilatlar son 15 ildə Azərbaycanın qaçqın və məcburi köçkünlərinə 700 milyon dollaradək yardım edib. Bu barədə Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çərşənbə günü məlumat verib.
20 iyun - Ümumdünya Qaçqınlar Günüdür. Əli Həsənov qeyd edib ki, 1995-ci ildən indiyədək Azərbaycana edilən çoxsaylı beynəlxalq yardımlar olmasaydı, ölkədə əsil humanitar fəlakət yaranardı.
Həsənov qeyd edib ki, hazırda dünyanın 45 ölkəsində qaçqın-köçkün problemi mövcuddur və bu ölkələrdə 34,5 milyon qaçqın-köçkün var. Onların 10 milyonu qaçqın, 24,5 milyonu məcburi köçkündür. 34,5 milyon qaçqın-köçkünün 21 milyonu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının himayəsi altındadır. Baş nazirin müavini qeyd edib ki, qaçqın-köçkünlərin mövcudluğu dünyəvi bir problemdir və heç bir dövlət bu bəladan sığortalanmayıb: "Təəssüf ki, bəzi dövlətlər qaçqın-köçkün probleminin həllinə kömək göstərmək əvəzinə, əksinə, mane olurlar. Bəlkə də dünyanın idarəetmə mexanizmi kimi bilərəkdən qaçqın problemi yaradılır. Bu problemin tarixi kökünə nəzər salsaq, Azərbaycanın qaçqın-köçkün problemi dünyada birincidir. Uzun müddətliyinə görə dünyada üçüncü yerdədir" - deyə Qaçqınkomun sədri bildirib.