...

Qarabağ Azadlıq Təşkilatı ermənilərin sentyabrda Bakıya gözlənilən səfərinin qarşısını alacağını bəyan edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Avqust 2007 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Qarabağ Azadlıq Təşkilatı (QAT) sentyabrda erməni nümayəndələrinin Bakıya gözlənilən səfərlərinin qarşısını alacağını bəyan edir. Bu barədə cümə günü QAT-ın yaydığı bəyanatda məlumat verilir.

Sentyabrda Bakıya iki erməni nümayəndə heyətinin səfər edəcəyi barədə məlumatlar yayılıb. Sentyabrın 5-6-da Bakıda keçiriləcək MDB daxili işlər nazirlərinin toplantısına erməni nazirin və ya nümayəndəsinin qatılacağı, həmçinin bundan sonra sentyabrın 15-17-də erməni güləşçilərin dünya çempionatında iştirak üçün Bakıya gələcəyi gözlənilir.

Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, işğalçı dövlətin nümayəndələrinin hər hansı ad altında Bakıya səfəri yolverilməzdir: "Azərbaycan hakimiyyəti bü cür səfərlərə şərait yaratmaqla milli maraqlara xəyanət edir. Biz Bakıya gəlmək niyyətində olan ermənilərin təhlükəsizliyini təmin edəcəyinə dair vəd verən dövlət məmurlarını minlərlə şəhidlərimizin ruhu qarşısında məsuliyyətlərini dərk etməyə çağırırıq" - deyə bəyanatda bildirilir.

QAT bəyan edir ki, bütün vasitələrdən istifadə edərək erməni nümayəndələrinin Bakıya səfərlərinə və hər hansı tədbirdə iştirakına yol verməyəcək: "Baş verə biləcək hadisələrin məsuliyyəti hakimiyyətin üzərinə düşəcək".

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

QAT Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda yaradılıb. Qurumun rəhbəri tarix elmləri namizədi, dosent Akif Nağıdır. Təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalıları, qaçqın və məcburi köçkünləri, gənclər, keçmiş döyüşçülər, ehtiyatda olan yüksək rütbəli zabitlər olmaqla 10 min nəfəri birləşdirir.

Xəbər lenti

Xəbər lenti