...

Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi maşınlar Azərbaycanın mövqelərinə keçməyə cəhd edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Avqust 2007 13:28 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi maşınlar Azərbaycanın mövqelərinə keçməyə cəhd edib

Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Ermənistan Silahlı Qüvvələrinə məxsus iki "UAZ" markalı hərbi maşın cümə günü səhər saat 08.30 radələrində Ağdam rayonunun Yusifcanlı kəndi ərazisindən qoşunların təmas xəttini Azərbaycan Milli Ordusunun mövqelərinə tərəf keçməyə cəhd edib.

Ağdam rayonunun böyük bir hissəsi Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ilin iyulun 22-də işğal olunub. Rayonun Yusifcanlı kəndinin böyük bir hissəsi ermənilərin, kiçik hissəsi isə Azərbaycan Milli Ordusunun nəzarəti altındadır.

Məlumata yaxın mənbənin Trend in bölgə müxbirinə verdiyi xəbərə görə, erməni hərbçiləri ilə dolu avtomobillər Yusifcanlı kəndi ərazisindən, qoşunların təmas xəttində olan Qarqar çayı vasitəsilə Azərbaycanın mövqelərinə keçmək istəyərkən, atışma başlayıb və Azərbaycan Milli Ordusunun əsgərləri ermənilərin qarşısını alıb.

Cəbhəyanı kənd sakinləri də atışma faktını təsdiqləyiblər. Onların sözlərinə görə, atışma bir saata yaxın davam edib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktla bağlı məlumat verilmir.

1992-ci ildən başlayaraq Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun vasitəçiliyi danışıqlar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti