...

Partiya sədri: "Dağlıq Qarabağ problemi ilə bağlı həmrəylik mitinqi keçirilməlidir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Avqust 2007 15:52 (UTC +04:00)
Partiya sədri: "Dağlıq Qarabağ problemi ilə bağlı həmrəylik mitinqi keçirilməlidir"

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ probleminin hərb yolu ilə həllinin tərəfdarları "Azadlıq" meydanında həmrəylik mitinqi keçirməlidir və mitinqdə ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı etiraz bəyanatı qəbul edilməlidir. Bu təkliflə bazar ertəsi Trend ə açıqlamasında Azərbaycanın müxalif Ədalət Partiyasının sədri İlyas İsmayılov çıxış edib.

Onun sözlərinə görə, bununla dünya ictimaiyyəti xalqla Azərbaycan prezidentinin bir mövqedə olduğunu görər və problemin həlli üçün lazımı reaksiya verər.

"Bütün dünya görməlidir ki, Dağlıq Qarabağ probleminin həllində xalq Azərbaycan hakimiyyəti ilə bir yerdədir" - deyə İsmayılov bildirib.

Azərbaycan prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, Dağlıq Qarabağ problemi sülh yolu ilə həllini tapmasa, hərb variantı müzakirəyə çıxarılacaq.

İsmayılov hesab edir ki, müxalifət Dağlıq Qarabağ probleminin həllində vahid mövqe nümayiş etdirməlidir.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

İsmayılov hesab edir ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti qənaətbəxş deyil və problem BMT-nin qəbul etdiyi qətnamələr çərçivəsində həllini tapmalıdır.

Müxalifətçi Ədalət Partiyası 1993-cü ildə yaradılıb, 1996-cu ildə Azərbaycan Demokrat Partiyası (ADP) ilə birləşib. 2000-ci ildə "Ədalət"çilər ADP-dən ayrılaraq partiyanın fəaliyyətini bərpa ediblər. 2001-ci ildən indiyədək Ədalət Partiyasına İsmayılov sədrlik edir. İsmayılov 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd olub və hazırda Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti