Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsində Azərbaycan hökumətinin ünvanına "Diffamasiya haqqında qanun" və Seçki Məcəlləsi ilə əlaqədar tənqidlər səsləndirilib. Bu barədə çərşənbə günü Trend ə hazırda Parisdə olan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva məlumat verib.
AŞPA-nın Monitorinq Komitəsinin bu gün Parisdə keçirilən iclasında Azərbaycanın AŞ qarşısındakı öhdəlikləri müzakirə olunub.
Millət vəkili Hacıyeva bildirib ki, Azərbaycanla bağlı müzakirələrdə müsbət fikirlər, həmçinin tənqidlər səsləndirilib. Monitorinq Komitəsinin üzvləri bildiriblər ki, Azərbaycanla əməkdaşlığın intensivləşdirilməsi zəruridir. Həmçinin Azərbaycanda gələn il keçiriləcək növbəti prezident seçkiləri demokrtiyaya doğru daha bir addım olmalı, seçki maksimum həddə Avropa standartlarına uyğunlaşdırılmalıdır.
Müzakirələrdə həmçinin Azərbaycanda jurnalistlərin təhqir və böhtana görə cinayət məsuliyyətinə cəlb olunması tənqid edilib və buna görə "Diffamasiya haqqında qanun"un qəbul olunması zəruri sayılıb: "Komitə üzvləri qeyd etdilər ki, keçmiş MDB ölkələrində, həmçinin bir sıra Avropa ölkələrinin qanunvericiliyində jurnalistlərin böhtan və təhqirə görə cinayət məsuliyyətini nəzərdə tutan maddələr var. Ancaq Avropa Şurasının yanaşması belədir ki, böhtan və təhqirə görə yalnız mülki məsuliyyət olmalıdır, bu baxımdan Azərbaycan qanunvericiliyi təkmilləşdirilməlidir" - deyə AŞPA-dakı nümayəndə Hacıyeva məlumat verib.