...

Avropa Parlamenti nümayəndə heyətinin rəhbəri: Avropa İttifaqı hesab edir ki, qurumla əməkdaşlıq edən ölkələr Fəaliyyət Planında nəzərdə tutulan öhdəlikləri yerinə yetirməlidirlər.

Siyasət Materials 12 Sentyabr 2007 23:34 (UTC +04:00)
Avropa Parlamenti nümayəndə heyətinin rəhbəri: Avropa İttifaqı hesab edir ki, qurumla əməkdaşlıq edən ölkələr Fəaliyyət Planında nəzərdə tutulan öhdəlikləri yerinə yetirməlidirlər.
Azərbaycan, Bakı / Trend müxbir İ. Əlizadə/ Avropa İttifaqı hesab edir ki, qurumla əməkdaşlıq edən ölkələr Fəaliyyət Planında nəzərdə tutulan öhdəlikləri yerinə yetirməlidirlər. Bu fikirldəri Avropa İttifaqı-Azərbaycan Parlament əməkdaşlıq Komitəsinin çərşənbə günü Bakıda keçirilən iclasından sonra keçirilən mətbuat konfransında Avropa Parlamenti nümayəndə heyətinin rəhbəri Marie Anne İsler Beguin bildirib. İclasın yekununa dair qəbul olunan qətnamədə bir sıra məsələlər - demokratikləşmə, insan hüquqlarının durumu, söz və mətbuat azadlığı, həbsdə olan jurnalistlərin məsələsi, sosial iqtisadi islahatlar, şəffaflıq, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyət və digər məsələlər öz əksini tapıb. Səhər saatlarında başlayan müzakirələr axşama qədər davam edib, iclasdan sonra keçiriləcək mətbuat konfransı təyin olunduğu vaxtdan iki saat sonra baş tutub. "Bizim ortaq məxrəcə gəlməyimiz üçün müzakirələrimiz uzun müddət davam etdi. Mən müzakirələrin nəticələrini pozitiv qiymətləndirirəm. Ümid edirik ki, qəbul etdiyimiz sənədi həm Azərbaycan, həm də Avropa İttifaqı qəbul edəcək. Qətnamədə əks olunan məsələlər və orada olan bəndlər bizim üçün böyük əhəmiyyət kəsb edir", - deyə Beguin bildirib. Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, insan hüquqları, söz və mətbuat azadlığı, həbsdə olan jurnalistlərin məsələləri üzərində xüsusi dayanıblar: "Azərbaycan tərəfi bu məsələ ilə bağlı bizə məlumat verdi. Biz həbsdə olan jurnalistlərin özləri ilə görüşmək istəyirik və ümid edirik ki, buna nail olacağıq. Bizə verilən məlumatları onların özləri ilə dəqiqləşdirmək və həbsdə olan jurnalistlərin özlərinin mövqeyini öyrənmək istəyirik. Bizə Avropa İttifaqı səviyyəsində həbsdə orlan jurnalistlərlə bağlı məlumat verilib. Beynəlxalq insan haqqları təşkilatlarının verdiyi məlumat əsasında qeyd etmişik ki, həbsdə olan jurnalistlər söz azadlığına görə həbs olunublar. Burada keçirdiyimiz görüşdə bizə bunun əksi olan məlumat verdilər. Bizim bu məsələ ilə bağlı qərar qəbul etmək səlahiyyətimiz yoxdur. Arzu edirik ki, hökumət həbs olunan jurnalistlərlə bağlı dosyeləri bizə təqdim etsin. Məsələ ilə aydın şəkildə tanış ola və düzgün nəticə çıxara bilək". Müzakirələrdə Azərbaycan nümayəndə heyətinə rəhbərlik etmiş Milli Məclis sədrinin müavini Valeh Ələsgərov isə qeyd edib ki, müzakirələr Azərbaycanla Avropa Birliyi arasında olan bütün sahələri əhatə edib. Bura enerji, sosial-iqtisadi islahatlar, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyət, demokratikləşmə, insan hüquqları, söz və mətbuat azadlığı, həbsdə olan jurnilistlərin məsələsi və digər məsələlər aiddir. "Müzakirələr zamanı fikir ayrılıqları olurdu",-deyə Ələsgərov əlavə edib. O qeyd edib ki, Azərbaycanda etik nromalara əməl edən və öz məsuliyyətinə başa düşən jurnalistlərə qarşı heç bir təzyiq yoxdur.
Xəbər lenti

Xəbər lenti