Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ NATO Parlament Assambleyasının nümayəndə heyəti Bakıda Azərbaycanın müdafiə nazirinin mülki şəxs olması məsələsini müzakirə edəcək. Bu barədə çərşənbə günü Bakıda NATO PA-nın Demokratik İdarəçilik Alt Komitəsinin sədri, Bolqarıstandan olan deputat Çətin Kazak məlumat verib.
"NATO ölkələrinin əksəriyyətində müdafiə naziri mülki şəxsdir. Azərbaycanda bu məsələnin necə olması ilə bağlı son qərarı rəsmi Bakı özü verəcək" - deyə Kazak əlavə edib.
O qeyd edib ki, Azərbaycanın NATO standartlarına uyğunlaşmaqla bağlı öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilmə səviyyəsi qaneedicidir.
"Azərbaycan NATO üçün önəmli ölkədir. Biz Azərbaycanın öz hədəflərinə çatmasına dəstək verməyə hazırıq" - deyə NATO PA nümayəndəsi bildirib.
Kazakın fikrincə, NATO ilə Azərbaycan arasında əlaqələr getdikçə inkişaf edir. "Amma Azərbaycanın NATO standartlarına uyğunlaşması üçün həyata keçirməli olduğu xeyli işləri var".
Onun sözlərinə görə, Azərbaycana səfərləri çərçivəsində insan hüquqlarının durumu, demokratik inkişaf, siyasi-iqtisadi, hərbi islhatlarla bağlı məsələləri müzakirə edəcəklər. Səfərin yekunu olaraq hesabat hazırlanacaq. Hesabatda ölkədəki hazırkı vəziyyət təhlil olunacaq, problemlər göstəriləcək. Oktyabr ayının ortalarına qədər hesabat hazır olacaq və NATO PA-nın oktyabrın sonlarında İslandiyada keçiriləcək sessiyasında müzakirəyə təqdim olunacaq.