...

Müxalifət liderlərinin heç bir şərt qoyulmadan ümumi toplantısı keçirilməlidir

Siyasət Materials 20 Sentyabr 2007 13:04 (UTC +04:00)
Müxalifət liderlərinin heç bir şərt qoyulmadan ümumi toplantısı keçirilməlidir

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycan müxalifəti heç bir şərt qoymadan, hansısa nəticəni qabaqcadan gözləmədən ümumi toplantı keçirməlidir. Buraya istər boykot tərəfdarları, istərsə seçkiyə qatılmaq istəyən, istərsə də orta mövqedə olan müxalifət liderləri qatılmalıdır. Bu təkliflə cümə axşamı Trend ə açıqlamasında Müsavat Deputat Qrupunun, Azərbaycan Xalq Partiyasının (AXP) üzvü Pənah Hüseyn çıxış edib.

"Mən bütün müxalifət partiyalarının gələn il keçiriləcək prezident seçkilərində iştirakının tərəfdarıyam" - Hüseyn bildirib.

Azərbaycanda prezident seçkiləri gələn il oktyabrın 15-də keçiriləcək. Seçkilərə rəsmi start verilməsə də, bəzi partiyalar mövqelərini açıqlayıb. Azərbaycanın üç müxalifət Xalq Cəbhəsi, Liberal və Vətəndaş və İnkişaf partiyalarını özündə birləşdirən "Azadlıq" Bloku ölkədə seçki mühiti dəyişmədiyi halda prezident seçkilərini boykot edəcəklərini bəyan edib. Müxalifətin digər güc mərkəzi sayılan Müsavat Partiyası və onun ətrafında cəmləşən siyasi qüvvələr seçkilərə qatılacaqlarını bəyan ediblər. Ona görə də müxalifət partiyaları arasında ciddi fikir ayrılığı yaranıb.

Hüseyn bildirib ki, Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyət müxalifət partiyalarının bu seçkilərdə mümkün olan maraqları ətrafında birləşməsini tələb edir. Müxalifətçi deputat hesab edir ki, iştirak edəcək namizədlərin birliyi yaradılmalıdır. Çünki seçkiöncəsi çevik qərarların qəbul olunması, namizədlərarası əlaqələrin intensivləşdirilməsi səmərəli olar. Bu, parlament seçkilərindən sonra özgələşmə getmiş müxalifətçi qüvvələr arasında psixoloji gərginliyi də aradan qaldırar. "Ziddiyyətli mövqeləri olan partiyaların ümumi maraqları var. Seçki saxtakarlığına qarşı birgə mübarizə, seçkilərin azad və demokratik keçirilməsi üçün şəraitin yaradılması və digər ümumi maraqlarda müxalifətin əməkdaşlığının daha yüksək formaları da ola bilər" - Hüseyn əlavə edib.

Deputat hələ yayın əvvəllərində müxalifətin əməkdaşlığı üçün boykot tərəfdarları və seçkiyə qatılmaq istəyən müxalifət liderləri ilə görüşüb. Liderlər hələ ki onun təklifini cavablandırmayıblar.

Xəbər lenti

Xəbər lenti