...

Buxarestin mərkəzində Azərbaycanın eks-prezidenti Heydər Əliyevin adına park açılıb

Siyasət Materials 24 Sentyabr 2007 20:38 (UTC +04:00)

Rumıniya, Buxarest/ Trend müxbir Y.Əliyev/

Rumıniya və Azərbaycanı öz regionlarında sülh və təhlükəsizlik yaratmaq istəkləri birləşdirir. Bunu bazar ertəsi Buxarestdə Rumıniyanın prezidenti Trayan Basesku Azərbaycanın eks-prezidenti Heydər Əliyevin adına parkın açılış mərasimində bildirib.

Rumıniya prezidentinin sözlərinə görə, Heydər Əliyev Azərbaycanın qəhrəmanı və Rumıniyanın böyük dostu idi. Basesku bildirib ki, Azərbaycan və Rumıniya beynəlxalq hüququn prinsiplərinə böyük hörmətlə yanaşırlar. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı isə o, Rumıniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Azərbaycan prezidentinin sözlərinə görə, o, artıq üçüncü dəfə Rumıniyaya səfər etməklə, rumın xalqının Heydər Əliyev şəxsiyyəti və Azərbaycan xalqına qarşı sevgi və hörmətinin şahidi olur. İlham Əliyev Rumıniyanın Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyinin birmənalı olmasını xüsusi qeyd edib.

Buxarestin mərkəzində Heydər Əliyev adına parkın açılması barədə qərar 2004-cü ilin oktyabrında İlham Əliyevin Rumıniyaya səfəri zamanı qəbul olunub. Sahəsi 6 hektardan çox olan Parkın mərkəzində Heydər Əliyevin büstü qoyulub. Parkda 6 musiqili fontan, 100 yerlik amfiteatr və 21 attraksion var.

Xəbər lenti

Xəbər lenti