...

Türkiyəli deputat: "Türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılması ölkələr arasında əlaqələri inkişaf etdirər"

Siyasət Materials 27 Sentyabr 2007 18:36 (UTC +04:00)
Türkiyəli deputat: "Türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılması ölkələr arasında əlaqələri inkişaf etdirər"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılması ilə bağlı danışıqlar davam edir və belə bir qurumun yaradılması ölkələr arasındakı əlaqələri daha da inkişaf etdirər. Bu barədə cümə axşamı Bakıda Türkiyə-Azərbaycan parlament dostluq qrupunun sədri, Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan üzvü Haluk İpək məlumat verib.

"Əgər türkdilli ölkələrin Parlament Assambleyası yaradılsa və türk dövlətlərini təmsil edən deputatlar zaman-zaman bir araya gəlib, problemləri müzakirə etsələr, ölkələr arasında əlaqələr daha da genişlənər", -deyə İpək bildirib.

Türkdilli ölkələrin Parlament Assambleyasının yaradılması məsələsi bir necə ildir ki, müzakirə olunur. Lakin türkdilli ölkələr bununla bağlı qərar verməyə tələsmirlər.

İpək qeyd edib ki, 2007-cı ildə Antalyada keçirilən Türk Dünyası Qurultayında iştirak edən türkdilli ölkələrin nümayəndələri Parlament Assambleyasının yaradılmasının faydalı olacağına dair mövqe bildiriblər və bu, toplantının yekun sənədində əks olunub: "Lakin Parlament Assambleyası qısa bir zamanda yaradıla bilməz. Türkdilli ölkələr bu məsələni qəbul etməli və müəyyən hazırlıqlar görməlidirlər".

Dünyada altı müstəqil türkdilli ölkə var: Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan. Eyni zamanda, müxtəlif ölkələrin tərkibində 20-dən artıq türkdilli muxtar respublika mövcuddur.

Xəbər lenti

Xəbər lenti