Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifət partiyalarının seçki komissiyalarının paritet əsasda formalaşdırılması təklifi tamamilə seçkiləri pozmağa yönələn təklifdir. Bu fikirləri Trend ə açıqlamasında Milli Məclis Aparatının sədri Səfa Mirzəyev bildirib.
Azərbaycanın bir sıra müxalifət partiyaları seçki komissiyalarının iqtidarla müxalifət arasında paritet (bərabər şəkildə) bölüşdürlüməsini israrla təklif edirlər. Mərkəzi Seçki Komissiyasının (MSK) hazırkı tərkibi parlamentdə çoxluq təşkil edən, azlıqda qalan partiyaların və bitərəf deputatların nümayəndələrindən ibarət formalaşıb. Müxalifət partiyaları hesab edir ki, bu cür formalaşma ilə müxalifətçilər seçki komissiyalarında tamamilə azlıqda qalır, həmçinin bitərəf üzvlər də hakimiyyəti dəstəkləyir və nəticədə seçki komissiyaları iqtidarın nəzarəti altında olur.
Milli Məclis Aparatının rəhbəri bildirib ki, paritet formalaşma üsulu Azərbaycanda təcrübədən keçirilib və bu əsaslarla yaradılmış komissiyalar heç bir qərar qəbul edə bilmirdilər. Mirzəyevin fikrincə, komissiyalarda siyasi partiyaları təmsil edən insanlar müstəqil olmur və buna görə də obyektiv qərar çıxarmırlar. "Mən hesab edirəm ki, yalnız bitərəf insanlar obyektiv qərar çıxara bilər, ona görə də şəxsən mənim təklifim budur ki, seçki komissiyaları heç bir siyasi partiyanı təmsil etməyən tərəfsiz insanlardan ibarət formalaşmalıdır" - deyən Mrzəyev əlavə edib ki, onun bu təklifini hakimiyyətdə təmsil olunan başqa rəsmilər də dəstəkləyirlər.
Milli Məclis Aparatının rəhbəri noyabrda Bakıda keçiriləcək Seçki Məcəlləsinin müzakirələrinə həsr olunan toplantıda da bu təklifini diqqətə çatdıracaq. Amma o hesab edir ki, gələn ilki prezident seçkisinə qədər seçki komissiyalarının bitərəflərdən ibarət formalaşdırılması reallaşmayacaq: "Bu proses gələn ilki seçkiyə qədər çatmayacaq. Çünki cəmiyyəti hələ buna hazırlamaq lazımdır" - deyə Milli Məclis rəsmisi bildirib.