...

Azərbaycan Prezidenti İlham Əliyev qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin bakıdakı fövqəladə və səlahiyyətli səfirlərini qəbul edıb

Siyasət Materials 1 Oktyabr 2007 19:34 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin Bakıdakı fövqəladə və səlahiyyətli səfirlərini qəbul edib. Dövlətimizin başçısı müsəlmanların müqəddəs Ramazan bayramı münasibətilə səfirləri təbrik edərək, təmsil etdikləri ölkələrin dövlət və hökumət başçılarına da onun təbriklərini çatdırmağı xahiş edib. Müstəqil dövlət kimi Azərbaycanın indi İslam ölkələri ilə çox fəal əlaqələrinin olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, bu əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində də uğurludur. İslam Konfransı Təşkilatının fəal üzvü olan Azərbaycan xarici siyasətində bu istiqaməti həmişə diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı İslam həmrəyliyindən də danışıb və əmin olduğunu bildirib ki, müsəlman ölkələri ilə Azərbaycanın qardaşlıq və dostluq əlaqələri gələcəkdə daha da möhkəmlənəcəkdir. Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, ölkəmizdəki diplomatik korpusun duayeni Əli Həsən Əhməd Cəffər səfirlər adından Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Misirin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yusif Əhməd İbrahim əl-Şərkavi səfirlər adından birgə bəyanatı oxuyub. Prezident İlham Əliyev səfirləri müqəddəs bayram münasibətilə bir daha təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti