...

Gələn il Bakıda Xəzəryanı dövlətlərin prezidentlərinin sammiti keçiriləcək

Siyasət Materials 16 Oktyabr 2007 15:30 (UTC +04:00)
Gələn il Bakıda Xəzəryanı dövlətlərin  prezidentlərinin sammiti keçiriləcək

Azərbaycan, Bakı/ Trend , müxbir A.Qasımova,D.Xatınoğlu/ Gələn il Bakıda Xəzəryanı dövlətlərin prezidentlərinin üçüncü sammiti keçiriləcək.

Bu gün Tehranda Xəzəryanı dövlətlərin sammitində çıxış edən İran prezidenti Mahmud Əhmədinejad bildirib ki, Bakı gələn il beş Xəzəryanı dövlət prezidentinin görüş yeri olacaq.

Həmçinin, prezidentin sözlərinə görə, Xəzərin statusu üzrə hər altı aydan bir, xarici işlər nazirləri, ildə bir dəfə isə, prezidentlər səviyyəsində görüş keçiriləcək. Prezidentlərin növbəti görüş yeri isə Bakı olacaq.

Bu gün İranda beş Xəzəryanı dövlətin -- İran, Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan dövlətlərinin sammiti başlanıb. Sammitin əsas mövzusu Xəzər dənizinin statusu məsələsinin müzakirəsidir.

Samitdə İran, Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentləri Bəyannamə imzalayıb.

Bəyannamə Xəzər dənizinin hüquqi statusu ilə bağlı Xəzəryanı dövlətlərin prezidentləri tərəfindən imzalanmış ilk rəsmi sənəddir.

Xəzəryanı dövlətlərin birinci sammiti 2002-ci ilin aprel ayında Aşqabadda baş tutub. Sammit zamanı ikinci sammitin 2003-cü ildə Tehranda keçirilməsi barədə qərar qəbul olunub. Lakin həmin dövrdən bu günə qədər sammit hər il təxirə salınıb.

Xəzərin təbii ehtiyatlarına 500-dən çox bitki növü və 854 növ balıq daxildir (eləcə də, dünyanın nərə balığı ehtiyatlarının 90%-i). Neft ehtiyatları isə, dünyanın neft ehtiyatlarının 2%-ni təşkil etməsinə baxmayaraq, regionun enerji təhlükəsizliyini təmin etmək üçün kifayətdir. SSRİ-nin dağılması ilə sahilyanı ölkələrin sayının ikidən beşə qədər artması nəticəsində, bütün Xəzəryanı dövlətlərin iştirakı ilə Xəzər dənizinin statusu ilə bağlı yeni müqavilənin qəbul olunmasına ehtiyac yaranıb.

Xəbər lenti

Xəbər lenti