...

""Azadlıq" bloku müxalifət daxilində rəqibləri üçün ciddi narahatlıq yaradır"-blokun həmsədri

Siyasət Materials 22 Oktyabr 2007 14:33 (UTC +04:00)
""Azadlıq" bloku müxalifət daxilində rəqibləri üçün ciddi narahatlıq yaradır"-blokun həmsədri

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azadlıq" blokunun mövcudluğu müxalifət daxilində rəqibləri üçün ciddi narahatlıq yaratdığı üçün onun barəsində cəmiyyətə yalan məlumatlar ötürülür. Bu fikirləri bazar ertəsi Trend ə açıqlamasında "Azadlıq" blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib.

Müxalifətçi Müsavat Partiyasının mətbu orqanı olan "Yeni Müsavat" qəzeti "Azadlıq" blokunun gələn il Azərbaycanda keçiriləcək prezident seçkisində iştirak üçün vahid namizəd müəyyənləşdirməyə çətinlik çəkdiyini yazır. Qəzetin şərhinə görə, blokun liderləri - Əli Kərimli ilə Lalə Şövkət arasında seçim edilməsi asan başa gəlməyəcək və dilemma yaranacaq.

"Azadlıq" blokunun həmsədri Əli Əliyev hesab edir ki, blok həm iqtidar, həm də müxalifətdəki opponentləri üçün ciddi şəkildə "başağrısıdır". Ona görə də blok daxilində ziddiyyətlərin olması barədə cəmiyyətə aldadıcı məlumatlar ötürür, şərhlər verirlər: "Bu da başadüşüləndir. Çünki "Azadlıq" blokunun gücü, ideoloji tezisləri potensial rəqiblər üçün ciddi problemdir. 2005-ci ilin parlament seçkilərinin nəticələri göstərdi ki, insanlar ardıcıl, prinsipial mübarizə aparan siyasi qüvvələri dəstəkləyir"-deyə Əliyev bildirib.

O, əlavə edib ki, 2005-ci ilin parlament seçkilərinə qədər blokda olmuş Müsavat və ADP sonradan fərqli siyasi mübarizə metodlarına görə əvvəlki güclərini, cəmiyyətdən dəstəyini itiriblər: "Məsələn, Müsavat Partiyasının 2005-ci il seçkisindən əvvəl keçirdiyi aksiyaları ilə 2007-də keçirdiyi kütləvi aksiyalarda insanların iştirakı baxımından böyük fərq var. Həmçinin ADP-nin də mövqeyində zəiflik yaranıb. Müsavat Partiyası parlamentin işində və təkrar parlament seçkisində iştirak etməklə, ADP iqtidarla birtərəfli qaydada dialoq bəyanatları verməklə müxalifətin prinsipial mübarizəsinə böyük zərbə vurub"-deyə "Azadlıq" blokunun həmsədri bildirib.

Əliyevin iddiasına görə, "Azadlıq" blokundan kənarda olan siyasi qüvvələr uğur qazanmaq haqında düşünməməlidirlər.

O, həmçinin əlavə edib ki, gələn il Azərbaycanda əlverişli seçki mühiti yaradılsa və "Azadlıq" bloku prezident seçkisində iştiraka qərar versə, namizəd seçimində problemlə üzləşməyəcək.

"Azadlıq" blokunda hazırda üç müxalifətçi partiya - AXCP, ALP və VİP təmsil olunur. 2005-ci ilin parlament seçkisindən əvvəl yaradılmış "Azadlıq" seçki blokuna ADP, Müsavat, AXCP daxil idi. Blok parlament seçkisində saxtakarlıqlar baş verdiyini əsas gətirərək seçkinin nəticələri tanımadı, Müsavat Partiyası isə əksinə qərar çıxararaq parlamentdə iştirak etdiyi üçün bloku tərk etdi. Seçkidən sonra VİP və ALP "Azadlıq" blokuna daxil olub. Bu ilin yanvarında isə ADP hakimiyyətlə dialoq aparmağa, iqtidara qarşı mövqeyini loyallaşdırmağa qərar verdiyi üçün onu "Azadlıq" blokundan xaric ediblər.

Xəbər lenti

Xəbər lenti