...

Müsavat Partiyasının başqanı: "Gələn il prezident seçkisində mübarizə iki nəfərin arasında gedəcək" (video)

Siyasət Materials 23 Oktyabr 2007 14:10 (UTC +04:00)
Müsavat Partiyasının başqanı: "Gələn il prezident seçkisində mübarizə iki nəfərin arasında gedəcək" (video)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində demokratik qüvvələrin qələbəsi realdır. Bu fikirləri çərşənbə axşamı keçirdiyi mətbuat konfransında müxalifətçi Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.

Müsavat Partiyası Məclisinin oktyabrın 12-də keçirilən iclasında partiyanın prezident seçkisində iştirakı və İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar çıxarıb.

İsa Qəmbər 2003-cü ildə keçirilmiş prezident seçkilərində də namizəd olmuşdu. Rəsmi nəticələrə görə, prezidentliyə iddialı 8 namizəd arasında ikinci yeri tutmuşdu. Amma Müsavat Partiyası rəsmi nəticələrlə razılaşmayaraq, İsa Qəmbərin qalib gəldiyini iddia etmişdi.

Müsavat başqanı bildirib ki, 2008-ci il seçkilərində də mübarizə iqtidarla müxalifətin namizədi arasında gedəcək: "Hakimiyyətdən və müxalifətdən kimin namizəd olmasından asılı olmayaraq, mübarizə iki nəfərin arasında gedəcək. 2008-ci ildə müxalifətin potensialı 2003-cü ildəkindən daha çox olacaq"-deyə İsa Qəmbər bildirib.

Müsavat başqanının fikrincə, 1998-ci, 2003-cü illərdə keçirilmiş prezident seçkilərində seçkinin ikinci turu olmasa da, hər iki seçkidə müxalifət namizədləri qələbəyə çox yaxın idi.

1998-ci ildə aparıcı müxalifət partiyalarının vahid namizədi kimi Etibar Məmmədov iqtidarın namizədi Heydər Əliyevlə mübarizə aparıb və sonda Əliyev qalib gəlib. 2003-cü ildə səs faizlərinin müqayisəsinə görə iqtidarın namizədi İlham Əliyevə əsas alternativ İsa Qəmbər hesab edilib.

Müsavat başqanı bildirib ki, gələn ilki seçkidə müxalifətin namizədi mütləq qalib gələcək: "Lakin qələbəni nə dərəcədə reallaşdıra biləcəyik, bunu zaman göstərəcək"-deyən İsa Qəmbər bildirib.

O, 1998-ci, 2003-cü illərdə olduğu kimi, gələn ilki prezident seçkisində də müxalifət düşərgəsinin bir neçə namizədlə iştirak edəcəyinə münasibətini açıqlayıb: "Bizim məqsədimiz müxalifətin namizədlərini deyil, elektoratı birləşdirməkdir".

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) vəzifəsində təmsil olunub. Partiya hazırda beş nəfər deputatla parlamentdə təmsil olunur. Müsavat Partiyası üzvlərinin sayı, cəmiyyətdən dəstəyi və populyarlığı baxımdan müxalifət düşərgəsində aparıcı partiyalardan hesab olunur. Partiyanın başçısı növbəti dəfə Azərbaycanın prezidentliyinə iddialıdır.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) da indiki prezident İlham Əliyevin namizədliyini irəli sürəcəyini bəyan edib. YAP-ın icra katibi və sədr müavini Əli Əhmədov bildirib ki, prezident seçkisində İlham Əliyevin qələbəsini labüd hesabedir, çünki ona ciddi rəqib ola biləcək qüvvə görmür.

Xəbər lenti

Xəbər lenti