...

Azərbaycan XİN rəhbəri təhlükəsizlik məsələləri üzrə Kiyev konfransına dəvət olunub

Siyasət Materials 5 Noyabr 2007 14:32 (UTC +04:00)
Azərbaycan XİN rəhbəri təhlükəsizlik məsələləri üzrə Kiyev konfransına dəvət olunub

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov təhlükəsizlik məsələləri üzrə beynəxalq Kiyev konfransına dəvət olunub. Bazar ertəsi Ukraynanın Azərbaycandakı səfiri Stepan Volkovetskinin Trend ə verdiyi məlumata görə, Qara dəniz regionunun təhlüksizliyi və sabitliyi kontekstində "dondurulmuş münaqişələr"in nizamlanması üzrə konfrans noyabrın 14-15-də Ukrayna paytaxtında keçiriləcək.

Konfrans Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin və ya xarici işlər nazirləri müavinlərinin iştirakı ilə baş tutacaq. Səfirin sözlərinə görə, konfransda əsas məruzəçilər Ukraynanın xarici işlər naziri Arseniy Yasenuk, QİƏT-ə üzv dövlətlərin XİN rəhbərləri, QİƏT-in baş katibi və Avropa Komissiyası rəhbərliyinin nümayəndəsi olacaq.

Səfirin sözlərinə görə, konfransda müxtəlif mövzular üzrə bir neçə sessiya keçiriləcək: Qara dəniz regionunda "dondurulmuş münaqişələr", mövcud mexanizmlərin təsir qüvvəsi, nizamlama planlarının reallığı. Sessiya zamanı Balkan ölkələrinin təcrübəsi, Dnestryanı problemlər, gürcü-abxaz-osetin münaqişəsi və Dağlıq Qarabağ münaqişəsi kimi məsələlər müzakirə olunacaq.

Diplomatın verdiyi məlumata görə, konfrans iştirakçıları ATƏT-in "dondurulmuş münaqişələr" zonasında missiyasının effektivliyi, sülhün möhkəmləndirilməsi, NATO əməliyyatlarının Balkanlarda alyansın sülhməramlı strategiyasına təsiri, NATO və post-sovet məkanında münaqişələr, alyansın yeni missiyaları, əməkdaşlıq perspektivləri, "dondurulmuş münaqişələr"in nizamlanması perspektivləri, əsas oyunçuların, ABŞ, Rusiya və digər ölkələrin nöqteyi-nəzərləri kimi məsələləri də müzakirə edəcəklər.

"Biz mövzunun Azərbaycan üçün əhəmiyyətini nəzərə alaraq konfransda şəxsən Azərbaycanın xarici işlər nazirini görmək istərdik" - deyə səfir bildirib.

Xəbər lenti

Xəbər lenti