...

DAK rəhbərliyi keçmiş sədri ittiham edir

Siyasət Materials 15 Noyabr 2007 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyəti üzvləri keçmiş sədr Cavad Derəxtini təşkilat daxilində fikir ayrılıqları yaratmaqda və öz şəxsi ambisiyalarını həyata keçirməkdə günahlandırırlar. Bu fikirlər cümə axşamı Bakıda keçirilən DAK-ın toplantısında səsləndirilib.

DAK-ın keçmiş sədri, İdarə Heyətinin İsveçdən olan üzvü Derəxti ötən ayın sonu Trend ə açıqlamasında bildirmişdi ki, Konqresin iyulun 7-də keçirilmiş sonuncu qurultayının sənədləri DAK-ın qeydiyyatdan keçdiyi İsveçin müvafiq orqanlarına təqdim olunmayıb, ona görə də qurultay etibarlı sayılmır. Derəxti indiki sədr Qulamrza Səbri Təbrizinin vəzifəsindən istefa verməsini tələb edərək DAK-ın 7 nəfər üzvdən ibarət Avropa bölməsinin növbədənkənar qurultay keçirəcəyini deyib.

DAK-ın toplantısında konqresin sədr müavini Sabir Rüstəmxanlı bildirib ki, 6 il sədr vəzifəsində olmuş Derəxti son qurultayda sədrliyə namizəd oldu və ən az səs topladı. Rüstəmxanlının sözlərinə görə, Derəxti buna görə həmin qurultayı pozmaq istəyib, səsvermənin düzgün keçmədiyini iddia edib, lakin sonradan üzr istəyərək yeni seçilmiş sədri təbrik edib: "İndi DAK-ın güclənmək istədiyi bir vaxtda Cavad Derəxti nə üçün belə edir, bilmirik. Müəyyən adamlar çalışır ki, 3-cü DAK-ı yaratsınlar, amma bir neçə il əvvəl təşkilatldan ayrılıb 2-ci DAK-ı yaradanlar indi özləri DAK-a birləşməyə çalışırlar" - deyə Rüstəmxanlı bildirib.

DAK-ın İdarə Heyətinin üzvü Əjdər Tağızadə bildirib ki, DAK-ın qurultayının sənədləri İsveçin dövlət orqanlarına təqdim olunub və Təbrizi sədr kimi tanınıb: "Cavad Derəxti öz yerini bilməlidir, o, siyasi savadı, təcrübəsi olmadan 6 il DAK-a sədrlik edib. DAK-a daha tamada başçılıq edə bilməz" - deyə Tağızadə bildirib.

DAK sədri Təbrizi isə bildirib ki, təşkilat daxilində fikir ayrılıqları onu narahat etmir və Konqres dünya azərbaycanlılarının, xüsusilə İranda yaşayan azərbaycanlıların hüquqlarının, ana dilinin müdafiəsi uğrunda işini davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti